Laçının azad olunmasının ildönümü: Bölgə yeni inkişaf mərhələsinə keçir

Siyasət

01.12.2025 10:08

“Laçın rayonunun işğaldan azad edilməsinin növbəti ildönümü Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyət daşıyan bir mərhələdir. 28 illik Ermənistan işğalı nəticəsində 8 milyard dollardan artıq ziyan dəymiş rayon Vətən müharibəsində əldə olunan qələbənin nəticəsi olaraq 2020-ci il 1 dekabrda ölkəmizə qaytarılıb”.

TodayPress TV xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.


Deputatın sözlərinə görə, Laçın şəhərinin azad edilməsi strateji baxımdan həlledici hadisə olmaqla yanaşı, regionun sürətli bərpası üçün yeni imkanlar açıb. O qeyd edib ki, qısa müddətdə Qarabağ və Şərqi Zəngəzurda intensiv məskunlaşmaya start verilib və hazırda azad olunmuş ərazilərdə 62 mindən çox sakin yaşayır, işləyir və təhsil alır. 2025-ci ilin sonunadək məskunlaşan ailələrin sayının 10 min 270-ə çatacağı, gələn ilin sonunadək isə 140 min sakinin bu ərazilərdə məskunlaşdırılacağı gözlənilir.

“Bərpa və quruculuq mərhələsinə qədəm qoyan Laçın rayonu böyük iqtisadi potensiala malikdir. Rayonun turizm, aqrar və sənaye sahələrində ciddi üstünlükləri mövcuddur. Təbii ehtiyatlarla zəngin olan bölgədə emaledici sənayenin formalaşdırılması üçün geniş imkanlar var. Meyvəçilik, üzümçülük, tütünçülük, taxılçılıq və arıçılıq kimi sahələr isə Laçının ənənəvi güclü istiqamətləri sayılır”, - deyə o bildirib.

Parlamentari Laçının faydalı qazıntılar baxımından da mühüm ərazi olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, rayonda ehtiyatları 1 124 ton olan civə yataqları, 4 457 min tonluq əhəngdaşı, 2 533 min kubmetr həcmində mərmərləşmiş üzlük daşları, həmçinin tuf, əlvan bəzək daşı və digər sərvətlər mövcuddur. 

V.Bayramov bildirib ki, Laçının iqtisadiyyatının bərpası sürətlə davam edir və rayon artıq Azərbaycan iqtisadiyyatına reinteqrasiya olunma mərhələsini yaşayır.

“Bölgənin geniş aqrar və turizm potensialı Laçının yaxın illərdə təkcə Şərqi Zəngəzurda deyil, bütün ölkə üzrə iqtisadi baxımdan seçilən rayonlardan birinə çevriləcəyini göstərir”, – deyə deputat əlavə edib.

Qiymət Mahir

TodayPress TV

tag: Vüqar Bayramov,Deputat,Laçın,Azad olunma,Todaypress.tv,