HƏMAS-dan İrana XƏBƏRDARLIQ: Qonşu ölkələr hədəf alınsa...

Siyasət

14.03.2026 15:15

“HƏMAS-ın İranı qonşu ölkələri hədəf almaqdan çəkinməyə çağırması təsadüfi deyil. Çünki faktiki olaraq İran məhz HƏMAS-ı dəstəkləyən ölkələrə qarşı son zamanlarda hücuma keçib”.  

Bu fikirləri TodayPress TV-yə açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.


Onun sözlərinə görə, HƏMAS-ın ən böyük dəstəkçiləri Qətər və Türkiyədir:

“Son zamanlarda İran xüsusilə Qətərin üzərinə çox aktiv şəkildə hücum edib və Dohaya bir neçə istiqamətə ardıcıl zərbələr endirib. Bu, istər-istəməz HƏMAS-ın daxilində ciddi problemlər yaradır. Yəni HƏMAS-ın əsas komandanlığı, daha doğrusu siyasi bürosu məhz Dohada yerləşir. Bundan əvvəl də təşkilatın lideri olan Xalid Məşəlın Qətərdə uzun müddət yaşadığı məlumdur. Eyni zamanda Türkiyə də HƏMAS-a çox güclü dəstək verir”.  

Politoloq əlavə edib ki, HƏMAS-ın bu açıqlaması həm Qətər, həm də Türkiyəyə bir vəfa borcu kimi də səslənə bilər:


“Çünki ən çətin zamanlarda HƏMAS-a məhz Türkiyə və Qətər dəstək olub. İranın region ölkələrinə hücum siyasəti təkcə həmin ölkələrin deyil, ona yaxın proksi qüvvələrin də ondan üz çevirməsinə səbəb ola bilər”.

Siyasi şərhçi həmçinin vurğulayıb ki, bu tendensiya təkcə HƏMAS-ın deyil, digər qrupların, o cümlədən "Hizbullah"ın və husilərin də İranla münasibətlərinə təsir göstərə bilər:

“Heç husilər də bu vəziyyətdən razı deyillər, çünki bu, onların uzun müddət üzərində işlədiyi “ərəb ittifaqı”na zərbə vura bilər. Faktiki olaraq İran bu ölkələrə hücum etməklə Körfəz ölkələrinin, ümumilikdə, onların tərəfinə keçməsinə səbəb ola bilər. Bu, əlbəttə ki, arzuolunan deyil. Hətta İranın proksiləri belə onun bu siyasətinə görə ondan uzaqlaşa bilərlər. Məncə, HƏMAS-ın bu açıqlaması ilkin siqnaldır”.

Qeyd edək ki, HƏMAS İranı qonşu ölkələri hədəf almaqdan çəkinməyə çağırıb. Təşkilat eyni zamanda vurğulayıb ki, İran İsrail və ABŞ-yə qarşı mövcud bütün vasitələrdən istifadə edərək, beynəlxalq norma və qanunlara uyğun şəkildə özünü müdafiə etmək hüququna malikdir.

Türkan İsgəndərli

tag: HƏMAS, Zeynal Əmrəliyev,Türkiyə,İran,Qətər,Todaypress.tv,