Azərbaycana qarşı qərəzli ittihamlar yolverilməzdir – RƏY
Siyasət
16.03.2026 17:35
Belçikanın keçmiş baş naziri Yves Leterme Qlobal Bakı Forumunda panel müzakirəsi zamanı Avropa ölkələrinin Azərbaycana münasibətdə ziddiyyətli siyasət yürütməsini sərt tənqid edib.

“Mən Aİ vətəndaşı kimi azərbaycanlıların gözünə baxmağa utanıram. Düşünürəm ki, bu, utancverici vəziyyətdir. Biz illər boyu bir tərəfdən Azərbaycanın daxili işlərinə qarışırıq, ertəsi gün isə gəlib xahiş edirik: “Bizə daha çox qaz sata bilərsinizmi?” – deyə o bildirib.
Maraqlıdır, Yves Letermenin bu sözləri səmimi etirafdır, yoxsa Avropanın enerji siyasətində hazırda yaranan boşluqdan doğan məcburiyyət?
Sözügedən mövzunu politoloq Elçin Xalidbəyli TodayPress TV-yə şərh edib.

Onun sözlərinə görə, Belçikanın keçmiş baş nazirinin son açıqlaması olduqca diqqətəlayiqdir:
“Çünki bu açıqlamanın məzmunu Avropa ölkələrinin Azərbaycana qarşı həyata keçirdiyi siyasəti böyük ölçüdə ifadə edir. Adətən Avropa Birliyi ölkələri və bu qurumun müxtəlif strukturları Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir, ölkəmizi müxtəlif uydurma iddialarla ittiham edirlər”.
Ekspert qeyd edib ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşıdır və Avropa ölkələrini enerji resursları ilə təmin edir. Buna baxmayaraq, Azərbaycan enerji resurslarından istifadə edən Avropa ölkələri və onların təmsil olunduğu bəzi qurumlar ölkəmizə qarşı qərəzli mövqelərindən qətiyyən imtina etmirlər və bunu müxtəlif dövrlərdə davam etdirirlər.
“Nazirin bu açıqlaması faktiki olaraq Avropa siyasətində mövcud olan riyakarlığı böyük ölçüdə üzə çıxarmış oldu. Belə ki, bir tərəfdən Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilir, digər tərəfdən isə ölkəmizdən enerji resursları tələb olunur. Bu isə Avropa siyasətindəki riyakarlığın bariz nümunəsi kimi qiymətləndirilə bilər”, – analitik bildirib.

O əlavə edib ki, bu baxımdan Belçikanın keçmiş baş naziri mövcud reallığı böyük ölçüdə ortaya qoyub.
“Artıq Avropa siyasi dairələri bu reallıqla üz-üzə qalmalı və anlamalıdırlar ki, Azərbaycana qarşı qərəzli ittihamların irəli sürülməsi yolverilməzdir. Bu cür yanaşma ikitərəfli münasibətlərə yalnız ziyan vura, qarşılıqlı əməkdaşlığın inkişafına ciddi maneə yarada bilər. Əgər Avropanın digər ölkələrinin liderləri də Belçikanın keçmiş baş nazirinin bu açıqlamalarına diqqət yetirsələr, Azərbaycana qarşı daha ədalətli mövqe tutmağın vacibliyini bəlkə də daha yaxşı anlayarlar. Lakin hələlik Qərb siyasətində mövcud olan riyakarlıq Avropa ölkələrinin Azərbaycana münasibətdə daha obyektiv və ədalətli yanaşma sərgiləməsinə mane olur”, – deyə Elçin Xalidbəyli fikrini yekunlaşdırıb.
Jalə Rövşən
tag: Belçika,Yves Leterme ,Qlobal Bakı Forumu,Politoloq,Elçin Xalidbəyli,Aİ,Azərbaycan,Todaypress.tv,
