ABŞ və Çinə qarşı koalisiya: Kanada HƏRƏKƏTƏ KEÇİR...

Siyasət

16.03.2026 14:40

Kanadanın Baş naziri Mark Karni qlobal dünya nizamının dağıldığı şəraitdə “orta dövlətlər” koalisiyasının formalaşdırılmasına çağırış edib.


Bildirilir ki, məqsəd ABŞ-nin proteksionizmi və ticarət təzyiqindən qorunmaqdır.  

Maraqlıdır, ABŞ və Çin kimi böyük güclərin dominant olduğu beynəlxalq sistemdə real “üçüncü güc mərkəzi” formalaşa və effektiv ola bilərmi?  

Sözügedən məsələni siyasi analitik Şakir Ağayev TodayPress TV-yə şərh edib. 


O, bildirib ki, bu plan dünyadakı gərginlik fonunda ciddiyə alınmayacaq:

"Bəli, Kanadada belə bir fikir irəli sürülüb: “Yeni Dünya Planı”, yəni Orta Dövlətlərin ABŞ və Çinə qarşı koalisiyası. Fikrimcə, Kanada hər hansı formada buna nail ola bilməyəcək. Bu gün dünyada gedən proseslər demək olar ki, beynəlxalq hüquqa əsaslanmır və tamamilə standartlara uyğun deyil. Hətta belə deyirlər ki, elan olunmamış lokal Üçüncü Dünya müharibəsi gedir və dünyanın hər qütbündə münaqişələr mövcuddur".  

Ekspert qeyd edib ki, Kanadanın bu çağırışlarına digər dövlətlər hələlik ciddi reaksiya verməyəcəklər. ABŞ kimi güclü və böyük dövlətin müttəfiqləri belə İranla müharibədə ona kömək etmək niyyətində deyil:

“Tramp uzun müddətdir Hörmüz körfəzinin qorunmasına dair müraciətlər edir, amma ABŞ-nin ən yaxın müttəfiqi İngiltərə belə ona kömək göstərmək istəmir”.   

Analitik hesab edir ki, Kanadanın baş naziri Trampla münasibətlərdə ciddi problemləri nümayiş etdirmək üçün bu addımı atır. 


“Bu, yeni dünya düzənində Kanadanın da mövqeyini göstərmək məqsədi daşıyan siyasi jestdir. Bilirik ki, Tramp Kanadaya daim təzyiq göstərib; istər seçki öncəsi, istər seçkidən sonra, hətta onu dəfələrlə 51-ci ştat adlandırıb”, - politoloq vurğulayıb.   

Ş.Ağayev əlavə edib ki, bu jest müqavimət göstərmək məqsədilə irəli sürülüb:

“Orta dövlətlər arasında Kanadanın çağırışı ilə belə bir koalisiyanın yaranmasını real hesab etmirəm və onun güc dövlətlərinə qarşı effektiv olacağını düşünmürəm. Çünki bir ittifaq formalaşmırsa, onun effektivliyindən heç bir söhbət gedə bilməz”. 

Jalə Rövşən

TodayPress TV

tag: Şakir Ağayev,Siyasi ekspert,ABŞ,Çin,Todaypress.tv,