"90-cı illərdə acından ölürdük, Əliyev 65 vaqon dizel verdi" - Gürcü meri
Tbilisinin keçmiş meri Niko Lekişvili 1990-cı illərin əvvəllərində Gürcüstanda yaşanan ağır sosial-iqtisadi böhrandan və həmin günlərdə Azərbaycanın göstərdiyi dəstəkdən danışıb.
TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, həmin dövrdə Gürcüstanda vəziyyət olduqca ağır idi.
Elektrik enerjisi yox idi, qaz təchizatı kəsilmişdi. Yeni ilin gəlişinə cəmi 10 gün qalmış ölkədə çörək qıtlığı yaranmışdı. Çörək sexlərinin fəaliyyətini davam etdirməsi üçün isə yanacağa ehtiyac var idi.
Niko Lekişvili bildirib ki, qazın kəsilməsindən sonra Gürcüstanın rəhbəri Eduard Şevardnadze ona zəng edərək vəziyyətdən çıxış yolu tapmağı istəyib.
"İşıq ümumiyyətlə yox idi, qaz da kəsilmişdi. Qaz kəsiləndə Şevardnadze mənə zəng vurdu ki, "Ay adam, qaz kəsilib, nə edək?" Çörək sexlərinin qazanlarını işlətmək üçün dizel yanacağından istifadə etmək qərarına gəldik. Lakin ölkənin bunun üçün kifayət qədər yanacağı yox idi".
Lekişvili deyib ki, çıxış yolu kimi Azərbaycandan yardım istəmək qərarına gəliblər. Həmin vaxt Heydər Əliyev hələ Azərbaycan Prezidenti deyil, Ali Sovetin sədri idi.
"Azərbaycanda tanışlarım var idi. Soruşdum, görüm, zavod işləyir? Dedilər ki, zavod işləyir və Əliyev gəlib. Dedim, zəng elə, xahiş edək, bizə borc versin. Şevardnadze isə dedi: "Yox, mən zəng edə bilmərəm, sən özün get". Gecə saatlarında Bakıya yollandım. Həmin vaxt Azərbaycan paytaxtında da vəziyyət ağır idi, şəhər qaranlığa qərq olmuşdu".
Lekişvili Heydər Əliyevlə görüşündə Gürcüstanın maddi imkanlarının olmadığını, lakin veriləcək yanacağın pulunu yazda qaytaracağına söz verdiyini bildirib. Onun sözlərinə görə, Heydər Əliyev məsələni dərhal həll edib və zavod direktoruna zəng vuraraq Gürcüstana mümkün qədər çox dizel yanacağının göndərilməsini tapşırıb.

"Doldura bildiyin qədər doldur, göndər. Bu, Tbilisinin meridir. İndi pulu yoxdur, yazda yüz faiz ödəyəcək”, – deyə Lekişvili Heydər Əliyevin zavod direktoruna söylədiklərini xatırlayıb.
Nəticədə 60-65 vaqon, hər biri 60 ton tutumunda olan çənlər dizellə doldurularaq Gürcüstana göndərilib.
Lakin yardımın Gürcüstana çatdırılması da problemsiz olmayıb. Mer vurğulayıb ki, qatar ölkə sərhədinə daxil olduqdan sonra silahlı şəxslərin hücumuna məruz qalıb və yanacağın bir hissəsi aparılıb.
Qalan yanacaq isə çörək sexlərinin fəaliyyətinin təmin olunmasına sərf edilib. Çörəyə görə yaranan sıxlıq və münaqişələr talon sistemi ilə həll olunub.
Azərbaycanın Gürcüstana enerji sahəsində dəstəyi sonrakı illərdə də davam edib.
2006-cı ilin soyuq və şaxtalı 22 yanvarında magistral və ehtiyat qaz kəmərlərində baş verən iki güclü partlayışdan sonra Rusiyadan Gürcüstana qaz nəqli dayandırılıb. Bundan bir neçə saat sonra Rusiyadan Gürcüstana elektrik enerjisi ötürən yüksək gərginlikli elektrik xəttində də partlayış baş verib. Nəticədə Gürcüstan ciddi enerji böhranı ilə üzləşib.
Belə bir vəziyyətdə Azərbaycan Gürcüstanın enerji təminatına dəstək verib.
Türkan İsgəndərli