Şahları qorxuya salan dəhşətli xəstəlik yenidən yayılır – Azərbaycanda da rast gəlindi

Şahları qorxuya salan dəhşətli xəstəlik yenidən yayılır – Azərbaycanda da rast gəlindi
03.09.2026 08:48 Sağlamlıq

Dünyanın ən qədim və qorxunc yoluxucu xəstəliklərindən hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-da yenidən yayılmağa başlayıb. Belə ki, təkcə Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktı qeydə alınıb. Orta əsrlərdə hökmdarları belə dəhşətə gətirən və müxtəlif tədbirlərə əl atmağa vadar edən bu xəstəliyin yayılması təşviş doğurub.

Bəs bu xəstəliyə qarşı vaksin nə qədər effektlidir? Ölkəmizdə cüzamın yayılma ehtimalı varmı? Nələrə diqqət etməliyik?

TodayPress TV xəbər verir ki, Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, cüzam “mycobacterium leprae” bakteriyasının törətdiyi infeksion xəstəlikdir:

“Müəyyən xüsusiyyətlərinə görə vərəmə bənzəyir və müxtəlif klinik formalarda özünü göstərə bilər. Cüzamın inkubasiya, yəni gizli dövrü orta hesabla 1-5 il davam edir. Lakin bəzi mənbələrdə bu müddətin 1 ildən 20 ilə qədər dəyişə bildiyi qeyd olunur. Xəstəlik ilkin mərhələdə dəridə müxtəlif səpkilər və rəng dəyişiklikləri ilə özünü göstərir. Müalicə olunmadıqda isə sonrakı mərhələlərdə yaralar yarana, sinirlər və daxili orqanlar zədələnə bilər. Əvvəllər cüzam xəstələri xüsusi müəssisələrdə, o cümlədən leprozorlarda saxlanılırdı. Azərbaycanda da cüzam xəstələrinin müalicəsi və nəzarətdə saxlanılması üçün müvafiq tibb müəssisəsi fəaliyyət göstərir”.

Professor bildirib ki, son illərdə cüzamın müalicəsində ciddi irəliləyişlər əldə olunub:

“Xəstəliyin müalicəsi mümkündür və vaxtında müalicəyə başlanıldıqda xəstənin yoluxduruculuğu qısa müddətdə əhəmiyyətli dərəcədə azalır. Cüzam yoluxucudur və uzunmüddətli, yaxın təmas zamanı, əsasən tənəffüs yolu ilə yayılır. Lakin xəstə müalicəyə başladıqdan sonra yoluxduruculuğunu itirir. Bu səbəbdən xəstəliyin erkən aşkarlanması və vaxtında müalicəyə başlanılması mühüm əhəmiyyət daşıyır.

Əgər ABŞ-da cüzamın yeni və ya fərqli ştammının aşkarlanması ilə bağlı məlumat təsdiqlənərsə, bununla bağlı mikrobioloji tədqiqatların nəticələrini gözləmək lazımdır. Hazırda bunun konkret olaraq yeni ştamm olması barədə fikir söyləmək çətindir. Azərbaycanda da cüzam xəstəliyinə rast gəlinir. Qloballaşan dünyada heç bir ölkənin müxtəlif infeksion xəstəliklərdən tam təcrid olunması mümkün deyil. Bu baxımdan, sərhəd-keçid məntəqələrində və kütləvi tədbirlər zamanı müvafiq sanitar-epidemioloji və profilaktik tədbirlərin görülməsi vacibdir. Hər hansı risk yarandıqda isə aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər həyata keçirilməlidir”.

TodayPress TV

FOTOLAR

Şahları qorxuya salan dəhşətli xəstəlik yenidən yayılır – Azərbaycanda da rast gəlindi — 1
XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər