Maliyə qalmaqalı pik həddə: “Mançester Siti”ni nə gözləyir?
Maliyyə qaydalarının pozulması ilə bağlı araşdırmalar mərkəzində olan “Mançester Siti” İngiltərə futbolunu silkələyə biləcək miqyaslı sanksiyalarla qarşılaşa bilər.
TodayPress TV “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, klub Premyer Liqanı tərk etməsinə səbəb ola biləcək böyük həcmdə xal silinməsi və Çempionşipdə iki mövsüm keçirmək təhlükəsi ilə üz-üzədir.
İngiltərə futbol tarixində ən sərtlərdən biri ola biləcək bu sanksiyaların yalnız cari mövsümlə məhdudlaşmayacağı, növbəti illərə də təsir edə biləcəyi bildirilir. Bununla belə, “şəhərlilər”in birbaşa ölkənin dördüncü diviziyası olan İkinci Liqaya düşməsi ehtimalı az qiymətləndirilir. Xalların silinməsi ilə yanaşı, klubun böyük məbləğdə cərimə ilə də cəzalandırıla biləcəyi qeyd olunur.
Xatırladaq ki, Premyer Liqa rəhbərliyinin təyin etdiyi müstəqil komissiya 2009-2010 və 2017-2018 mövsümləri arasındakı maliyyə fəaliyyətini araşdırıb. Klub gəlirləri şişirtməkdə, kommersiya müqavilələri vasitəsilə xərcləri gizlətməkdə və araşdırma zamanı əməkdaşlıq öhdəliklərini yerinə yetirməməkdə ittiham olunub.
“Mançester Siti” rəhbərliyi isə oktyabrın 1-də müstəqil komissiyanın qərarından rəsmi şəkildə apellyasiya şikayəti verib. İttihamları qəti şəkildə rədd edən klub günahsızlıqlarını sübut edəcək dəlillərə malik olduğunu bildirib. Prosesin 2027-ci ilin yanvarına qədər uzana biləcəyi ehtimal olunur.
Namiq HUN