8 milyon ölümə səbəb olan təhlükəyə laqeydlik: İnsanlar niyə narahat deyil?
Dünyada böyüklərin təxminən yarısı nəfəs aldığı havanın sağlamlığına ciddi zərər verəcəyindən narahat deyil.
TodayPress TV xəbər verir ki, “World Risk Poll”un son hesabatına görə, insanların 47 faizi hava çirkliliyinin onlara ciddi zərər vuracağından narahat olmadığını bildirib.
Respondentlərin 52 faizi isə bu riskdən müəyyən qədər və ya çox narahat olduğunu deyib.
Araşdırmada diqqətçəkən məqam odur ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada insanların 99 faizi sağlamlıq üçün təhlükəli hava ilə nəfəs alır.
Hava çirkliliyi xərçəng, insult və tənəffüs xəstəlikləri də daxil olmaqla bir sıra ciddi problemlərin yaranma riskini artırır. Hesabatda bildirilir ki, çirkli hava 2023-cü ildə dünyada təxminən 8 milyon ölümə səbəb olub.
Araşdırmaya əsasən, insanların yalnız 12 faizi son iki il ərzində hava çirkliliyindən şəxsən zərər gördüyünü bildirib.
Məlumatlara görə, hava çirkliliyinin xüsusilə yüksək olduğu bir sıra ölkələrdə insanların əksəriyyəti nəfəs aldıqları havanın sağlamlıqlarına ciddi təsir göstərəcəyindən narahat deyil.
Bəhreyndə respondentlərin 77 faizi, Misirdə isə 74 faizi hava çirkliliyindən ciddi narahat olmadığını bildirib.
Ümumilikdə, araşdırmanın keçirildiyi 140 ölkədən 80-də insanların yarıdan çoxu hava çirkliliyinin onlara zərər verməsi onları maraqlandırmır.
Ən yüksək göstəricilər İsveçdə (85%), Səudiyyə Ərəbistanında (84%), Finlandiyada (84%) və Norveçdə (83%) qeydə alınıb.
Mütəxəssislər hesab edirlər ki, insanların hava çirkliliyindən az narahat olması risk barədə məlumatsızlıqla və ya çirkli havanı həyatın dəyişdirilməsi mümkün olmayan adi bir hissəsi kimi qəbul etməklə bağlı ola bilər.
Araşdırma xəbərdarlıq edir ki, bu laqeydlik insanların özlərini qorumaq üçün tədbirlər görməməsinə və hava keyfiyyətinin yaxşılaşdırılması üçün dəyişiklik tələb etməməsinə səbəb ola bilər.
Türkan İsgəndərli