Üzeyir Hacıbəylinin ev muzeyinin fəaliyyətə başlamasının 50 illik yubiley tədbiri keçirildi - FOTO
Mədəniyyət
21.11.2025 18:00
Noyabrın 21-də Üzeyir Hacıbəylinin ev muzeyində muzeyin fəaliyyətə başlamasının 50 illik yubileyi münasibətilə tədbir keçirilib.
TodayPress TV xəbər verir ki, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin, tarix elmləri doktoru, əməkdar elm xadimi, professor Solmaz Rüstəmova – Tohidi, əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə və digər mədəniyyət və incəsənət xadimlərinin, dövlət rəsmilərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə Üzeyir bəyin zəngin yaradıcılığına dair maraqlı faktlar bölüşülüb, onun Azərbaycan musiqi tarixindəki misilsiz xidmətlərindən, hələ də irsinin yaşadığı ev – muzeyinin faəliyyətindən bəhs olunub.
Qeyd olunub ki, muzey dahi bəstəkarın 1915 – 1942 – ci illər ərzində yaşayıb – yaratdığı Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi 67/69 ünvanındakı (keçmiş Verxnyaya priyutskaya, sonralar Ketsxoveli) mənzildə ulu öndər, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Hansı ki, ən möhtəşəm əsərlərinin bir qismi məhz bu evdə ərsəyə gəlib. Azərbaycan Respublikasının Dövlət Himni burada bəstələnib, “Sənsiz”, “Sevgili Canan” kimi məşhur romanslar elə bu evin divarları arasında formalaşıb, “Koroğlu” operası bu mühitdə yazılıb. Bu baxımdan, ev-muzey yalnız bir yaşayış məkanı deyil, milli musiqi tariximizin canlı yaddaşıdır. Əsası 1975 – ci ildə qoyulmuş muzeyin açılışı 20 noyabr 1975 – ci ildə olmuş və ilk ziyarətçisi də Heydər Əliyev şəxsən özü olub.
Daha sonra tədbir bədii hissə ilə davam edib. Şövkət Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış edib. Sonda qonaqlar muzeyin ekspozisiya zalları ilə tanış olublar.
Qeyd edək ki, muzeyinin fəaliyyətinin 50 illik yubileyinə həsr olunmuş sərgi də öz işinə başlayıb. Vətəndaşlar və xarici qonaqlar ilin sonunadək muzeyi ziyarət zamanı sərgi ilə tanış ola bilərlər.
tag: Üzeyir Hacıbəyli, Muzey, Açılış, 50 İllik, Yubiley, todaypress.tv,
