Səadət Yusifova: “İƏT ölkələrinin iştirakı dialoqu və əməkdaşlığı genişləndirir”

Mədəniyyət

05.12.2025 11:08

“Tədbirdə Bəhreyn, Misir, Qazaxıstan, İraq, Əlcəzair, Tacikistan, Türkmənistan, Türkiyə və digər ölkələrin iştirakı həm mədəniyyətlərarası dialoqun, həm də yaradıcı sənayelər üzrə əməkdaşlığın genişlənməsinə şərait yaradır”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova İslam Əməkdaşlıq Təşkilatının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” çərçivəsində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, məqsəd həm institusional tərəfdaşlıqları möhkəmləndirmək, həm də Azərbaycanın regional yaradıcı sənaye mərkəzi kimi mövqeyini daha da gücləndirməkdir:

“Festival çərçivəsində yaradıcı sənayelərin inkişafına xidmət edən çoxsaylı panel və müzakirələr təşkil olunacaq. Bu panellər innovasiya, texnologiya, mədəniyyət informasiyası, kino və dizayn sahələrində təcrübə mübadiləsini təşviq edəcək, yeni əməkdaşlıqlar üçün imkanlar açacaq.

Kino sənayesi üzrə panel Azərbaycan, Türkiyə, Misir və digər ölkələrin nümayəndələrinin iştirakı ilə keçiriləcək və burada kino sahəsində qarşılıqlı təcrübə, birgə layihələr və əməkdaşlıq mexanizmləri müzakirə olunacaq”.

Nazir müavini əlavə edib ki, qadınların yaradıcı sənayelərdə rolunun artırılması, oyun texnologiyalarında müəllif hüquqları, gənclərin oyun dizaynı və yaradıcılıq bacarıqlarının inkişafı, “Yaradıcı kənd”, “Mədəniyyət və yaradıcı sənayelər sərgisi”, “Bakı Texnofest 2025” proqramı, Şərq modern nümayişi, tanınmış dizaynerlərin təqdimatları, eləcə də teatr, musiqi, rəqs və animasiya sahələrinə dair müxtəlif tədbirlər də keçiriləcək.

Qiymət Mahir

TodayPress TV

tag: İƏT,Mədəniyyət,Festival,Bakı,Todaypress.tv,