Sayman Aruzdan Güneyli şairin iddialarına cavab: "Bu, mənə qarşı qurulmuş oyundur"

Mədəniyyət

19.11.2025 15:32

Yazıçılar Birliyinin “Güney Azərbaycan ədəbiyyatı şöbəsi”nin rəhbəri Sayman Aruz Güneyli şair Əli Çağlanın iddialarına cavab verib. 

Sayman Aruz bu barədə TodayPress TV-yə danışıb. 

O bildirib ki, Azərbaycan Yazıçılar Birliyinin kitab çap etmək öhdəliyi yoxdur. Daha çox çap olunmuş kitabların təqdimatını təşkil edir və cəmiyyətə təqdim edir:

"Azərbaycan Yazıçılar Birliyində, xüsusilə Cənubi Azərbaycan Komissiyasında əlavə büdcəmiz və vəsaitimiz yoxdur ki, kimsənin kitabını çap edək. Bəzən kitab çap edirik, amma əsasən şəxsi vəsaitimiz və ya sponsorlar vasitəsilə olur. Məsələn, şöbəmiz tərəfindən 30-dan çox kitab çap edilib, əsasən “Dayaq” və “Sadaq” adları altında".

Sayman Aruz iddiaları şəxsinə qarşı qurulmuş oyun adlandırıb:

"Kitabın çap olunub-olunmaması, hansı kitabın çap ediləcəyi mənim şəxsi qərarımdır. Kimsə mənə vəsait ödəyib nəyisə tələb etməyib. Bu, açıq-aşkar mənə qarşı qurulmuş bir oyundur. Son günlər mən Cənubi azərbaycanlıları, xüsusilə də otayda-butayda yaşayan azərbaycanlıları müdafiə etdiyim üçün görünür ki, İran dairələri bunu xoş qarşılamayıb. Ona görə də belə təxribatçı ədəbiyyatçılar vasitəsilə mənə cavab verməyə çalışırlar. Bu isə absurddur və gülüncdür".

O, həmçinin vurğulayıb ki, Azərbaycan Yazıçılar Birliyinə hər kəs kitabının çapı və ya təqdimatı ilə bağlı müraciət edə bilər və şöbə əlimizdən gəldiyi qədər dəstək göstərir. Ləvayinin kitabını çap etmək niyyətlərinin hələ də davam etdiyini qeyd edib:

"Təqdimat olmadan kitabın kitabxanalara verilməsi və ya satışının təmin edilməsi müəyyən baxımdan qeyri-peşəkarlıqdır. Biz istəyirdik ki, kitab müəyyən bir gün cəmiyyətə təqdim olunsun. Amma görünür ki, artıq buna da ehtiyac qalmayıb. Bizim çap etdiyimiz kitablar artıq arxivimizdə qalacaq. Tövsiyəm odur ki, Azərbaycan Yazıçılar Birliyinin vəsaiti olmadığı üçün öz kitablarını çap etsinlər. Amma biz onların kitablarını “Tarixi Natavan Klubu”nda təqdim etməyə hazırıq; müraciət etsinlər, biz buyursun deyirik".

Türkan İsgəndərli

TodayPress TV

tag: Sayman Aruz,İttiham,Yazıçı,AYB,Todaypress.tv,