Rəşad Əzizov: “Festival proqramı kino, animasiya və innovasiyalarla zəngindir”

Mədəniyyət

05.12.2025 11:31

“Bir həftə davam edəcək mədəniyyət festivalın proqramı olduqca zəngindir”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov İslam Əməkdaşlıq Təşkilatının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” çərçivəsində deyib.

O bildirib ki, forum xarakterli panel və diskussiya sessiyaları ilə yanaşı, kinofestival çərçivəsində bir sıra ölkələrin filmləri nümayiş etdiriləcək:

“Kino günləri iki paralel festivalın keçirilməsi ilə daha da zənginləşir: ənənəvi Bakı Beynəlxalq Qısametrajlı Film Festivalı və artıq ikinci dəfə təşkil olunan ATA uşaq animasiya Film Festivalı. ATA uşaq festivalının nümayişləri 6–7 dekabr tarixlərində Nizami Kino Mərkəzində və Kino Mərkəzində baş tutacaq”.

R.Əzizovun sözlərinə görə, Nizami Kino Mərkəzi bu il də kino bayramının əsas məkanı kimi çıxış edir, lakin festival proqramına bu dəfə digər kinoteatr şəbəkələri – “CinemaPlus”, “Park Cinema” və “CinemaStar” da xüsusi premyeralarla qoşulub. Türk kino sənayesinin istehsalı olan bir neçə film ilk dəfə Bakıda təqdim ediləcək və daha sonra onların geniş nümayişinə start veriləcək.

O əlavə edib ki, festivalın əsas tədbir məkanı Bakı Konqres Mərkəzidir və 8–9 dekabr tarixlərində əsas proqram məhz orada keçiriləcək. Bununla yanaşı, həftə ərzində müxtəlif teatr, konsert və kino məkanlarında paralel tədbirlər davam edəcək:

“Tədbirlər sırasında bir sıra yeniliklər də yer alır. Buraya Şərq ölkələrinin modern mədəniyyət nümayişi, oyun sənayesinə həsr edilmiş sərgi, həmçinin kibersport yarışları daxildir. Oyun sənayesi mədəni və yaradıcı sənayelərin dinamik hissəsi olaraq son illər dünyada kino sənayesini həcminə görə geridə qoyub. Bu tendensiya bizim ölkələrdə də müşahidə olunur və məqsədimiz yaradıcı insanları bu prosesə daha fəal cəlb etməkdir”.

Qiymət Mahir

TodayPress TV

tag: İƏT,Mədəniyyət,Festival,Bakı,Todaypress.tv,