Rəşad Əzizov: “Azərbaycan yaradıcılıq sənayelərində yeni model qurur”

Mədəniyyət

05.12.2025 11:18

“Sosial inkişaf çərçivəsində ölkəmizdə mədəniyyət sahəsi üzrə genişmiqyaslı işlər həyata keçirilib”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov İslam Əməkdaşlıq Təşkilatının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” çərçivəsində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində mədəniyyət və yaradıcılıq sənayelərinin inkişafı iqtisadi tərəqqinin mühüm istiqamətlərindən birinə çevrilib və bu sahədə məşğulluğun artırılması dövlət qurumları qarşısında prioritet vəzifə kimi müəyyən edilib:

“Son iki il ərzində aparılan böyük islahatlar, qəbul olunan vacib sənədlər və beynəlxalq təcrübələr əsasında yeni əməkdaşlıq modelləri formalaşdırılıb. Yaradıcı sahələrdə tətbiq edilən yeniliklər həm Azərbaycanda, həm də İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrdə əldə olunan nailiyyətləri əks etdirir. Tədbirlər proqramında mədəni və yaradıcı sənayelər üzrə forumun təşkili əsas istiqamətlərdən biridir və forumla yanaşı geniş miqyaslı sərginin keçirilməsi də nəzərdə tutulur. Bu sərgi çərçivəsində kino sektoru üçün ayrıca bölmə, eləcə də mədəni və yaradıcı sənayelərlə bağlı müxtəlif tematik ekspozisiyalar təqdim olunacaq. Həmçinin İƏT ölkələrinin iştirakı ilə “Yaradıcı kənd” adlı xüsusi sərgi də təşkili planlaşdırılır”.

R.Əzizov qeyd edib ki, artıq 400-ə yaxın xarici qonaq Bakıya gəlib. Onlar 30-dan artıq ölkəni təmsil edirlər:

“Tədbirə göstərilən böyük maraq nəticəsində digər ölkələrdən də əlavə iştirakçılar qatılıb. Ümumi gözlənti festival çərçivəsində 5 minə yaxın ziyarətçinin tədbirlərdə iştirak edəcəyidir. Son aylarda aktiv qeydiyyat prosesi aparılıb və müxtəlif sahələrdən maraqlı şəxslər spiker, iştirakçı və sərgiçi kimi artıq qeydə alınıb”.

Qiymət Mahir

TodayPress TV

tag: İƏT,Mədəniyyət,Festival,Bakı,Todaypress.tv,