"Oskar" mükafatı üzrə namizədlərin adları açıqlandı
Mədəniyyət
22.01.2026 20:50
ABŞ Kino Akademiyası 2026-cı il "Oskar" mükafatı üzrə namizədləri təqdim edib.
TodayPress TV xəbər verir ki, xüsusi yayımın aparıcıları - aktyorlar Daniel Bruks və Lüis Pullman mükafat iddiaçılarını rəsmi "YouTube" kanalındakı canlı efir zamanı elan ediblər.
Beləliklə, bu il "Ən yaxşı film" adı uğrunda "Döyüş ardınca döyüş", "Buqoniya", "Hamnet", "Günahkarlar", "Möhtəşəm Marti" (Marty Supreme), "Məxfi agent", "Sentimental dəyər", "Qatar yuxuları", "Frankenşteyn" və "F1" filmləri mübarizə aparacaqlar.
Xloya Jao ("Hamnet"), Coş Sefdi ("Möhtəşəm marti"), Pol Tomas Anderson ("Döyüş ardınca döyüş"), Yoakim Trier ("Sentimental dəyər") və Rayan Kuqler ("Günahkarlar") isə "Ən yaxşı rejissor" nominasiyasında qalib ola bilərlər.
"Ən yaxşı aktyor" kateqoriyasında qalibiyyətə Maykl B.Cordan ("Günahkarlar"), Leonardo Di Kaprio ("Döyüş ardınca döyüş"), Vaqner Moura ("Məxfi agent"), İtan Houk ("Mavi ay") və Timoti Şalame ("Möhtəşəm Marti") iddialıdırlar.
"Ən yaxşı aktrisa" nominasiyasında isə Cessi Bakli ("Hamnet"), Rouz Birn ("Əgər bacarsaydım, səni təpikləyərdim"), Renate Reinsve ("Sentimental dəyər"), Emma Stoun ("Buqoniya") və Keyt Hadson ("Mahnı kədərli səslənir") namizəd elan olunublar.
"Ən yaxşı animasiya filmi" mükafatı uğrunda "Arko", "Elio", "K-pop: Şeytan ovçuları", "Balaca Ameli" və "Zootopiya 2" mübarizə aparacaqlar.
Qeyd edək ki, 98-ci "Oskar" mükafatlandırma mərasimi martın 15-də Los-Ancelesdəki "Dolby Theatre"da keçiriləcək, tədbirin aparıcısı isə komik Konan O'Brayen olacaq.
tag: Oskar, Mükafat, ABŞ, Kino, Aktyor, todaypress.tv,
