Nazir müavini: “Azərbaycan mədəniyyəti üçün ağır gündür”
Mədəniyyət
30.03.2026 13:46
“Bu gün Azərbaycan mədəniyyəti, milli kinomuz və xalqımız üçün çox ağır gündür. Hər birimizin qəlbində silinməz izlər qoyan Rasim Balayevlə vidalaşdıq”.
TodayPress TV xəbər verir ki, bunu Mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq artisti Rasim Balayevin vida mərasimində deyib.
O, sənətkarın Azərbaycan kinosundakı rolunu yüksək qiymətləndirib:
“Onun Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra başladığı yaradıcılıq yolu, əslində, müasir Azərbaycan kinosunun tarixinin qızıl səhifələridir. Onun yaratdığı hər bir obraz Azərbaycan kinosunun zirvələrindən hesab olunur. Rasim Balayev sənəti hər bir gənc aktyor üçün nümunədir. O, kinomuzun ən çətin dövrlərində belə sənətə böyük fədakarlıq göstərmiş, Azərbaycan kinosunun nüfuzunu daim qoruyub saxlamışdır. Rasim Balayevin yaradıcılıq filmoqrafiyasına ümumilikdə 200-ə yaxın film daxildir. Sənətkarın çoxşaxəli və çoxillik fəaliyyəti hər zaman dövlətimizin diqqət mərkəzində olub”.
Qiymət Mahir
tag: Rasim Balayev,Vida,Xalq artisti,Səadət Yusifova ,Todaypress.tv,
