Namiq Məna: "Kərim sözün əsl mənasında böyük sənətkar idi"

Mədəniyyət

20.12.2025 15:02

"Rəhmətlik Kərimlə ortaqlığımız, dostluğumuz, yoldaşlığımız və sənət yolumuz 30–35 ili əhatə edirdi. Bu, söz sənəti üçün çox böyük itkidir. Kərim təkcə sənətkar deyildi, o, bütöv bir məktəb idi. El şənliklərinə qatılarkən, məclisə daxil olan kimi hiss olunurdu ki, sanki böyük bir dağ gəlir, sanki bir qartal gəlir. Bu haqda danışmaq çox ağırdır, çox çətindir"

Bunu TodayPress TV-yə dünən dünyasını dəyişən meyxanaçı Kərim Novruzovun sənət dostu Namiq Məna  deyib.

O, sizcə, ona qarşı diqqət azlığı var idimi, Kərimi necə xatırlayırsınız sualına isə belə cavab verib: 

"Ümumiyyətlə, istedadlı insanlara daim qayğı lazımdır. İstedadlı insanlar adətən kövrək, duyğusal və həssas olurlar. Kərim də elə xarakterli idi — çox duyğusal və həssas insan idi. Yaşının elə bir dövrünə çatmışdı ki, söz də istər-istəməz ona toxunurdu. Dünəndən bəri onunla el şənliklərində birgə iştirak etdiyimiz günlər, toy məclislərindən sonra etdiyimiz uzun söhbətlər gözümün önündən kino lenti kimi keçir. Səhərə qədər dərdləşdiyimiz anlar yadıma düşür. Bunları xatırlamaq çox çətindir, çox ağırdır. Özü də nə yaşı var idi  ki? Bu böyük itki ilə bağlı bütün doğmalarına, əzizlərinə səbir diləyirəm".

Qeyd edək ki, meyxanaçı Kərim Novruzov  dünən uzun sürən xəstəlikdən sonra yaşadığı mənzildə vəfat edib. O, Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər.

Jalə Rövşən

TodayPress TV

tag: Meyxanaçı,Ağakərim,Vəfat,Dəfn,Todaypress.tv,