Murad Arif: “Məğzini bilməyənlər buna heyran qalır”
Mədəniyyət
04.02.2026 17:33
“ABŞ-də musiqi və kino sənayesi açıq şəkildə ölkədə qeyri-qanuni yaşayanların deportasiyasına etiraz edir. Artistlər sinələrinə “ICE OUT” yazaraq, ölkəni hamı üçün “karvansaraya” çevirmək istədiklərini nümayiş etdirirlər”.
TodayPress TV xəbər verir ki, bunu müğənni-bəstəkar Murad Arif öz "Facebook" hesabında yazıb.
O, qeyd edib ki, belə bir mövqe başqa normal bir ölkədə mümkün deyil:
“Məsələn, Almaniyada ulduzlar humanizm və insan hüquqlarından danışa bilər, amma açıq şəkildə “qanunsuz miqrantların deportasiyası ləğv edilsin” demək tabu sayılır. Fransada sərtliyə tənqid mümkündür, amma “no one is illegal” şüarı dövlət norması kimi qəbul edilmir. Yaponiya cəmiyyəti bunu ümumiyyətlə qəbul etməz, Kanadada isə deportasiya mövcuddur və sərhəd nəzarətinin ləğvi çağırışı ciddi reaksiya doğurur. Türkiyə və İtaliyada isə bu, milli konsensus səviyyəsində ağlasığmazdır".
Onun sözlərinə görə, ABŞ sənətçiləri etirazla müxalif görünür, amma nəticələrə cavabdeh deyillər:
"Hollivud və musiqi sənayesi özünü dövlətlə eyniləşdirmir, özlərini hakimiyyətə qarşı “mənəvi müxalifət” hesab edir. Sənətçilər nəticəyə cavabdeh deyillər; şüar isə onların jestidir, qərarı deyil. ABŞ ulduzları deyir ki, biz “insanilik” tərəfdarıyıq, amma nəticələr bizim məsuliyyətimiz deyil. Bu mövqe infantildir – əsas məqsəd müxalif görünmək və nəyəsə etiraz etməkdir".
Sənətçinin sözlərinə görə, ağıllı vətəndaş dərk etməlidir ki, dövlət qaydalar üzərində qurulur, sərhəd qəddarlıq deyil, funksiyadır, deportasiya isə pislik yox, mexanizmdir. Elita qanunu demonizə edəndə və qayda pozuntusunu romantikləşdirəndə, cəmiyyət institutlara hörməti itirir ki, bu da real xaosa yol açır.
Müəllif vurğulayır ki, ABŞ-də musiqi və kino ulduzlarına olan heyranlıq əslində çox vaxt səthi və yanıldıcıdır. İnsanlar Billi Ayliş və Hollivud ulduzlarının “qanunsuz miqrantların deportasiyasına etiraz” kimi hərəkətlərini alqışlayır və onlara heyran qalırlar.
O, qeyd edir ki, bu etirazın arxasında real məsuliyyət yoxdur – sənətçilər nəticələr üçün cavabdeh deyillər, sadəcə özlərini “mənəvi müxalifət” kimi göstərirlər. Məqsəd isə həqiqi dəyişiklik yaratmaq deyil, sadəcə diqqət çəkmək və dəbə uymaqdır:
"Bəzi insanlar “Malades Billi Ayliş, Malades Hollivud! Görün necə etiraz edirlər!” deyərək heyranlıq ifadə edirlər. Lakin burada məqsəd mədəni elitanın Amerikada xaos görmək istəməsidir, məğzini bilməyənlər isə buna heyran qalır, çünki Billi Ayliş “modnı” müğənnidir".
Jalə Rövşən
tag: Murad Arif,Müğənni-bəstəkar,ICE OUT,ABŞ,Todaypress.tv,
