Meyxanaçı Ağamirzə mərhum dostu Ağakərimlə bağlı xatirələrini bölüşdü
Mədəniyyət
20.12.2025 14:22
Meyxanaçı Kərim Novruzov dünən uzun sürən xəstəlikdən sonra yaşadığı mənzildə vəfat edib. O, Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər.
TodayPress TV xəbər verir ki, meyxanaçı Ağamirzə mərhum dostu, tanınmış meyxanaçı Ağakərimlə bağlı xatirələrini bölüşüb.
“Vallah, deyəcək söz qalmayıb. Allah rəhmət eləsin. Neçə ildir çox böyük əziyyət çəkirdi. Açığı, bəlkə də onunla birlikdə biz də əziyyət çəkirdik, amma ən çox əziyyət çəkən elə özü idi. Sağ olsun ailəsi, bacısı oğlanları, yaxınları – hamısı onun xidmətində durdular. İnan ki, o cür qayğı göstərilməsəydi, Kərim çoxdan dünyasını dəyişmişdi.
Onunla bağlı çox xatirəm var. 1983-cü ildən tanış idik. Bizi Ağasəlim Çıldaq tanış eləmişdi. Ondan sonra çox məclislərdə, çox yerlərdə birlikdə olduq. Ən yadda qalanı isə onunla birgə Məkkəyə getməyimizdir. Gözəl xatirələrimiz, gözəl günlərimiz oldu, müqəddəs ziyarətdə bir yerdə idik.
Meyxanaçı son vaxtlar da görüşürdünüzmü sualına isə belə cavab verib:
"Bəli, tez-tez yanına gedirdim. Son vaxtlar isə elə olurdu ki, çox az qalırdım – bir-iki dəqiqə, bəzən üç-beş dəqiqə. Gəlirdim salam verirdim, o isə sadəcə baxırdı. Bəzən bir neçə dəfə salam verəndən sonra bir dəfə "Əleykümsalam" deyirdi. Bir neçə il əvvəl isə deyəndə ki, "Ağamirzədir, Kərim, mənəm", cavab verirdi: "Hə, hə". Biz də ona ürək-dirək verirdik ki, darıxma, həkimlər deyir yaxşı olacaq, tezliklə ayağa qalxacaqsan. Amma o sadəcə baxırdı, baxırdı…”
Jalə Rövşən
tag: Meyxanaçı,Ağakərim,Vəfat,Xəbər,Todaypress.tv,
