Mədəniyyət səmasından keçən ulduz - Roza Cəlilova 96...

Mədəniyyət

19.11.2025 11:56

Milli rəqslərimizin mahir ifaçısı, görkəmli xoreoqraf-baletmeyster, pedaqoq, Xalq artisti Roza Cəlilova 19 noyabr 2025-ci il tarixində, 96 yaşında vəfat edib.

Xalq artisti Roza Cəlilova Azərbaycan rəqs sənətinin ən parlaq simalarından biri kimi tanınır. 1929-cu ildə Qubada dünyaya gələn sənətkar çox gənc yaşlarından səhnəyə bağlanıb. Bakı Xoreoqrafiya Məktəbini fərqlənmə ilə bitirdikdən sonra əvvəlcə Opera və Balet Teatrının səhnəsində balerina kimi çıxış edib. Lakin onun taleyi Azərbaycan milli rəqs sənəti ilə daha sıx bağlı idi və buna görə də 1949-cu ildə Filarmoniyanın Mahnı və Rəqs Ansamblına keçərək burada özünün ən yadda qalan yaradıcılıq illərini yaşayıb.

Roza Cəlilova uzun illər bu ansamblın əsas simalarından biri olub, təkcə rəqqasə kimi deyil, həm də xoreoqraf və rəhbər kimi böyük nüfuz qazanıb. 1965-1975-ci illər ərzində ansamblın rəqs qrupuna başçılıq edərək bir çox səhnə quruluşları ərsəyə gətirib, milli rəqslərin klassik elementlərlə harmoniyasını yaradaraq özünəməxsus üslub formalaşdırıb. Onun yaratdığı hər bir kompozisiya həm zəriflik, həm də bədii düşüncə ilə seçilirdi.

Sənətkarın fəaliyyəti təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də tanınıb. O, Kanada, Çin, ABŞ, Türkiyə, Mərakeş, Efiopiya və digər ölkələrdə keçirilən festivallarda Azərbaycan rəqs sənətini layiqincə təmsil edib. Səhnədə yalnız yerli rəqslərlə kifayətlənməyən Roza Cəlilova ərəb, fars, hind və başqa xalqların rəqslərini də ustalıqla ifa edərək tamaşaçıların rəğbətini qazanıb.


Onun yaradıcılığının davamı kimi 1988-ci ildə “Gülüstan” Mahnı və Rəqs Ansamblı təşkil edilib və bu kollektiv bugünədək fəaliyyətini davam etdirir. Roza Cəlilovanın sənətə bağlılığı o qədər güclü olub ki, yaşı 90-ı keçsə də, “rəqssiz yaşaya bilmərəm” deyərək səhnəyə sevgi ilə yanaşıb.

Sənətkar uzun illər ərzində göstərdiyi fəaliyyətə görə bir sıra yüksək fəxri adlara layiq görülüb. 1959-cu ildə Əməkdar artist, 2007-ci ildə isə Xalq artisti adı alıb. Bundan başqa, mədəniyyət sahəsindəki xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Roza Cəlilova rəqs sənətinin inkişafında əvəzedilməz xidmətlər göstərib, özünün incə zövqü və zəngin yaradıcılığı ilə bir neçə nəsil rəqqasın formalaşmasına təsir edən sənətkar olaraq yaddaşlarda yaşayır. 


Allah rəhmət etsin!

Türkan İsgəndərli

tag: Roza Cəlilova,Xalq Artisti,Vəfat,Xəbər,Todaypress.tv,