“Hisslərin tərənnümü” – Polad Muradlının solo sərgisi

Mədəniyyət

09.03.2026 12:21

“Zaman Art Gallery” yaradıcılıq məkanında gənc azərbaycanlı rəssam Polad Muradlının “Hisslərin tərənnümü” adlı sərgisi təqdim olunur.

TodayPress TV xəbər verir ki, ekspozisiya rəssamın insan hissləri, ovqatları və gündəlik həyatın anlarını canlandırdığı boyakarlıq əsərlərini bir araya gətirir.

Polad Sahib oğlu Muradlı 2001-ci ildə Şəkidə doğulub. Erkən yaşlarından təsviri sənətə göstərdiyi maraq onun gələcək yaradıcılıq yolunu müəyyən edib. Rəssamlıqla bağlı ilk peşəkar təhsilini Şəki şəhər Uşaq İncəsənət Məktəbində alıb.

2018–2022-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq ixtisası üzrə bakalavr, 2022–2024-cü illərdə isə magistratura səviyyəsində təhsil alıb. Akademik mühit onun peşəkar texniki hazırlığının möhkəmlənməsinə və fərdi vizual ifadə tərzinin formalaşmasına təsir göstərib.

Rəssamın yaradıcılığının mərkəzində insan təbəddülatları və duyğular dayanır. “Hisslərin tərənnümü” sərgisi insanın daxili vəziyyəti və yaşantılarını üzə çıxarır. Sərgi hadisələrə və süjetlərə deyil, ölçülməsi mümkün olmayan anlayışlara – sevincə, həssaslığa, yaxınlığa, tənhalığa, sevgiyə və varlığa həsr olunub. Əsərlərin qəhrəmanları sanki emosiyalardan, xatirələrdən və təsadüfi təəssüratlardan yığılmış rənglər və fraqmentlər məkanında mövcuddur. Onların simaları və fiqurları portret oxşarlığına can atmır, daha çox müəyyən daxili halların daşıyıcısına çevrilirlər. Hər bir obraz anda dondurulmuş bir hissdir. Rəssamın əsərlərində rəng intonasiyanı gücləndirir, ritm yaradır və əhval-ruhiyyəni müəyyən edərək müstəqil bir dilə çevrilir.

Sərginin açılışının tarixən mübarizə və səs hüququ ilə simvolizə edilən 8 Mart gününə təsadüf etməsi ona xüsusi bir məna yükləyir. “Hisslərin tərənnümü” fərdin öz hisslərini yaşamaq, onları ifadə etmək və olduğu kimi görünmək haqqının bir növ bədii təsdiqidir.

Bu, rəssamın ilk fərdi sərgisidir. Polad Muradlının əsərləri artıq bir sıra yerli sərgilərdə nümayiş olunur və şəxsi kolleksiyalarda saxlanılır. Təqdim olunan ekspozisiya onun yaradıcılıq axtarışlarının yeni çalarlarını nümayiş etdirir və izləyicini incəsənətlə emosional dialoqa dəvət edir.

Sərgi martın 10-na qədər davam edəcək.

TodayPress TV

tag: Polad Muradlı,Sərgi,Hisslərin tərənnümü,Zaman Art Gallery,Todaypress.tv,

photo
photo
photo
photo