Deputatdan “Məhsəti” filmindəki səhnələrə etiraz: "Açıq-saçıq səhnələr tariximizə zərbədir!"
Mədəniyyət
06.12.2025 16:45
Əbülfəs Qarayevin qızı Suad Qarayevanın “Məhsəti” adlı qısametrajlı filmi ictimaiyyətdə ciddi narazılıq yaradıb. Filmdə Məhsəti Gəncəvinin əxlaqsız bir obraz kimi təqdim edilməsi, Azərbaycan mədəniyyətinə və milli dəyərlərinə hörmətsizlik kimi qiymətləndirilir.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Ceyhun Məmmədov TodayPress TV-yə danışarkən filmdəki yanaşmanı tamamilə yolverilməz hesab etdiyini bildirib:
"Azərbaycanın tarixi şəxsiyyətlərini bu cür təqdim etmək milli-mənəvi dəyərlərimizə ziddir və qəbulolunmazdır. Məhsəti Gəncəvi xalqımızın ən böyük şair və yazıçılarından biridir. Filmdə yer alan açıq-saçıq səhnələr Azərbaycan tarixinə və mədəniyyətinə qarşı birbaşa hörmətsizlikdir".
Deputatın sözlərinə görə, belə yanaşmalar cəmiyyəti dəyərlərindən uzaqlaşdırmaqla yanaşı, tarixi şəxsiyyətlərə qarşı yanlış təsəvvür formalaşdırır:
"Azərbaycan xalqının tarixi şəxsiyyətləri həmişə yüksək əxlaqı və mədəniyyəti ilə seçiliblər. Bu cür səhnələrin bir sənət nümunəsində yer alması mədəniyyətimizə, tariximizə qarşı qeyri-ciddi yanaşmadır və qətiyyətlə pislənilməlidir".
Millət vəkili vurğulayıb ki, Məhsəti Gəncəvi Azərbaycan ədəbiyyatında xüsusi yeri olan böyük bir simadır və onun adına, irsinə hörmətlə yanaşmaq hər kəsin borcudur:
"Mədəniyyətimizə qarşı yönəlmiş bu tip addımlar cəmiyyət tərəfindən ciddi şəkildə rədd edilməlidir. Tarixi şəxsiyyətlərimizə hörmət bizim milli kimliyimizin vacib tərkib hissəsidir".
Ceyhun Məmmədov sonda qeyd edib ki, belə təhriflərin qarşısı alınmalı və milli irsə münasibətdə məsuliyyət artırılmalıdır.
Türkan İsgəndərli
tag: Ceyhun Məmmədov,Deputat,Məhsəti film,Etiraz,Todaypress.tv,
