Cavanşir Quliyevin 75 illiyi qeyd olundu

Mədəniyyət

23.11.2025 17:00

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin 75 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

TodayPress TV xəbər verir ki, tədbir Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunusun təşkilatçılığı ilə baş tutub. 

Yubiley mərasimində Xalq şairi Ramiz Rövşən, Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı, Xalq artisti Mabud Məhərrəmov, Xalq artisti Ramiz Mirzəyev, Azərbaycanın Xalq artisti və SSRİ-nin Xalq artisti Fərhad Bədəlbəyli, yazıçı, publisist, akademik Rafael Hüseynov, dünya şöhrətli riyaziyyatçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Rafiq Əliyev, Azərbaycan Respublikasının əməkdar artisti Mələk Abbaszadə, Azərbaycanın ictimai-siyasi xadimi Eldar Namazov eləcə də Xəzər Universitetinin İctimai Əlaqələr və Media şöbəsinin direktoru Əlövsət Əmirbəyli və digər tanınmış şəxslər iştirak ediblər. 

Sənət və elm adamları Cavanşir Quliyevin yaradıcılığı, şəxsiyyəti və Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr barədə öz xoş təəssüratlarını bölüşüblər.

Cavanşir Quliyev tədbir iştirakçılarına təşəkkür edib. Onları görməkdən məmnun olduğunu bildirilib. 

Tədbir bəstəkarın zəngin yaradıcılıq yoluna göstərilən yüksək dəyərin növbəti nümunəsi kimi qeyd olunub.

Qeyd edək ki, Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. O, Azərbaycanın müstəqilliyini, azadlıq və hərbi ruhunu ifadə edən sözlərə zövqlü musiqilər bəstələyib.

Bəstəkar iki operettanın, dörd simfoniyanın, yüzlərlə mahnının, teatr və televiziya tamaşalarına musiqinin, müxtəlif həcmdə kamera-instrumental və xor musiqisinin müəllifidir. 30-dan çox bədii və sənədli filmə musiqi yazıb.

Qiymət Mahir

TodayPress TV 

tag: Cavanşir Quliyev,Yubiley,Əməkdar incəsənət xadimi,Ramiz Yunus,Todaypress.tv,

photo
photo
photo
photo
photo