Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız

Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız
30.07.2026 12:35 Mədəniyyət

Kristofer Nolanın Homerin məşhur “Odisseya” poeması əsasında çəkdiyi yeni filmi artıq kinoteatrlarda nümayiş olunur.

Təxminən üç saat davam edən ekran əsəri qədim yunan mifologiyasının ən məşhur qəhrəmanlarından biri olan Odisseyin Troya müharibəsindən sonra vətənə qayıtmaq uğrunda apardığı 10 illik mübarizədən bəhs edir.

Filmdə Odissey obrazını Mett Deymon canlandırır. Penelopa rolunda Enn Heteuey, Telemax obrazında Tom Holland, Antinoy rolunda Robert Pattinson, müdriklik ilahəsi Afina rolunda isə Zendaya çəkilib.

Əsərin süjeti Odisseyin uzun səfərinin son mərhələsindən başlayır. Buna görə də filmi izləməzdən əvvəl hadisələrin ümumi məzmununu bilmək faydalıdır.

Hadisələr təxminən eramızdan əvvəl XII əsrdə, Troya müharibəsinin başa çatdığı dövrdə cərəyan edir. Müharibə 10 il davam edib. Bundan sonra Odissey daha 10 il müxtəlif təhlükələrlə üzləşərək vətəni İtakaya qayıtmağa çalışır. Beləliklə, o, həyat yoldaşı Penelopa və oğlu Telemaxdan ümumilikdə 20 il ayrı qalır.

Troya müharibəsinin başlanmasına səbəb dünyanın ən gözəl qadını hesab olunan Yelena olub. O, Sparta hökmdarı Menelayın həyat yoldaşı idi. Menelay ölkədən kənarda olarkən Troya şahzadəsi Paris Yelenanı özü ilə Troyaya aparır. Rəvayətlərin bir hissəsində bunun qarşılıqlı sevgi, digərlərində isə qaçırılma olduğu bildirilir.

Bundan sonra Menelay qardaşı Aqamemnonun rəhbərliyi ilə qədim yunan şəhər-dövlətlərini birləşdirərək Troyaya qarşı yürüşə başlayır. On il davam edən qanlı müharibə Odisseyin hazırladığı məşhur "Troya atı" hiyləsi sayəsində yunanların qələbəsi ilə başa çatır.

"Troya atı" nəhəng, içi boş taxta at idi. Odissey və seçilmiş döyüşçülər onun içində gizlənmişdilər. Yunan ordusu guya geri çəkilərək yalnız Sinon adlı əsgəri və taxta atı şəhərin qarşısında qoymuşdu.

Sinon troyalılara atın ilahə Afinaya hədiyyə olduğunu deyir. Troyalılar buna inanaraq atı şəhərə gətirir və qələbəni qeyd etməyə başlayırlar. Gecə Odissey və döyüşçüləri atın içindən çıxaraq şəhər darvazalarını açırlar. Gizlənən yunan ordusu şəhərə daxil olur və Troya süqut edir.

Müharibədən sonra Odissey nəhayət vətənə qayıtmaq üçün yola çıxır. Lakin onu biri-birindən təhlükəli sınaqlar gözləyir. O, dəniz canavarları, Təkgöz Siklop, sirenlərin ovsunlayıcı nəğmələri və kişiləri donuza çevirən sehrbaz Kirke ilə qarşılaşır. Bu çətin yol boyu ona müdriklik ilahəsi Afina yardım edir.

Kristofer Nolanın "Odisseya" filmi Homerin minilliklər əvvəl yazdığı epik əsəri müasir kino dili ilə yenidən ekranlaşdırır. Mifologiya, macəra və dramatik hadisələri bir araya gətirən ekran əsəri qədim dünyanın ən məşhur dastanlarından birinə yeni baxış təqdim edir.


Jalə Rövşən 

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər