“Belə müğənnilərə Azərbaycanı soyub-talayan iş adamları dəstək olur” - Xalq artisti YIXIB-SÜRÜDÜ
Mədəniyyət
01.12.2025 12:58
“Kütləvi informasiya vasitələri vasitəsilə içimizə yeridilən təxribat beşikdən qəbrə qədər davam edəcək”.
Bu fikirləri TodayPress TV-yə açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov televiziya və sosial şəbəkələrdə qeyri-etik davranışlar sərgiləyən şəxslərdən danışarkən səsləndirib.
Onun sözlərinə görə, belə davranışlar cəmiyyətdə əxlaqsızlığı təbliğ edən təhlükəli bir tendensiyaya çevrilib:
“Millətə qənim kəsilən, xalqın ruhunu zəhərləyən, mənəviyyatını məhv edən televiziya kanalları və verilişləri günbəgün artır. Küçə adamlarını, ailəsini tərk edənləri, körpələrini atanları, qoca yaşında ərə getmək istəyənləri gündəlik efirdə təbliğ edirlər. Deyək ki, xarici qüvvələrə gücümüz çatmır, bəs niyə yerli kanallarda ciddi monitorinq aparılmır? Demək ki, burada başqa maraqlar mövcuddur. Bizi adsız-sansız, tarixsiz, əxlaqsız bir millət kimi göstərməyə çalışırlar. Düşmən ocağın başındadır".
Xalq artisti həmçinin bəzi müğənnilərin qeyri-etik davranışları ilə gündəmə gəlməsinə də toxunub:
"Hələ müğənniləri demirəm. Əndamını nümayiş etdirib özünü reklam edən, bunu guya sənət kimi təqdim edənlərə dəyər verənlər elə Azərbaycanı soyub-talayan iş adamlarıdır".
Qeyd edək ki, “Space TV”də yayımlanan “Tarixin bir günü” verilişinə müğənni qismində dəvət olunan Firuzə Babayeva ilə Mehriban Qənbərova arasında ciddi mübahisə yaranıb və tərəflər efir mədəniyyətinə uyğun olmayan ifadələrdən istifadə ediblər.
Türkan İsgəndərli
tag: Şeyx Əbdül Mahmudbəyov,Xalq artisti,Müğənni,Proqram,Todaypress.tv,
