“Bambi”nin səsi susdu: 92 yaşlı aktyor vəfat etdi
“Disney”in məşhur “Bambi” cizgi filmində maral balasını səsləndirən amerikalı aktyor Donni Danqan 92 yaşında vəfat edib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Hollywood Reporter” nəşri məlumat yayıb.
Bildirilib ki, aktyor noyabrın 4-də ağciyər xərçəngindən dünyasını dəyişib.
Donni Danqan cəmi 6 yaş yarımlığında olarkən “Bambi” obrazını səsləndirib. O, yalnız personaja səs verməklə kifayətlənməyib, həm də animasiya rəssamlarına obrazın yaradılmasında kömək edib. Belə ki, rəssamlar maral balasının üz ifadələrini və hərəkətlərini daha real təsvir edə bilmək üçün Danqanın pozalarından istifadə ediblər.
Aktyor 1939-cu ildə ekranlara çıxan “Frankenşteynin oğlu” (“Son of Frankenstein”), “London qülləsi” (“Tower of London”) və digər filmlərdə də rol alıb.
Danqan 18 yaşında ABŞ Dəniz Piyadaları Korpusunda xidmətə başlayıb. Hərbi xidmətdə olduğu müddətdə aktyorluq keçmişini gizli saxlamağa çalışıb. O, əsgər yoldaşlarının ona “Mayor Bambi” deyə müraciət edəcəyindən ehtiyat edib.
Hərbi xidmətdən təqaüdə çıxdıqdan sonra Danqan kino fəaliyyətindən yenidən danışmağa başlayıb, “Bambi” cizgi filminə həsr olunan tədbirlərdə iştirak edib və “Disney” şirkəti ilə əməkdaşlıq edib.
Qeyd edək ki, bundan əvvəl “Brat-2” filmində və “Metod” serialında çəkilmiş aktrisa Yanina Koqutun vəfat etdiyi bildirilmişdi.
Qiymət Mahir