Baba Vəziroğlu Rasim Balayev haqda: “Dərman qəbul etmək istəmirdi”
Mədəniyyət
30.03.2026 16:14
“Rasim Balayevin vəfatı həm mədəniyyətimiz üçün böyük itkidir, həm də mənim şəxsi faciəmdir. Çünki dostumu, qardaşımı, sirdaşımı itirdim. Artıq işə gedəndə ilk görüşdüyüm adam Rasim Balayev olmayacaq”.
TodayPress TV xəbər verir ki, bunu Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Xalq artisti Rasim Balayevlə vida mərasimində deyib.
O, mərhum sənətkarla bağlı xatirələrini bölüşüb:
“Biz gizlətsək də, o, xəstəliyini bilirdi. Yemək yemək, dərman qəbul etmək istəmirdi. Deyirdi: “Nə mənası var?”. Hər gün görüşsək də, ən gözəl sonuncu görüşümüz Laçında, Həkəri çayının sahilində oldu. MDB mədəniyyət nümayəndələrinin görüşü keçirilirdi. Getmək istəmirdi, güclə apardım. Halı yox idi, amma getdik. Laçın torpağına ayağı dəyən kimi Rasim Balayev sanki başqa adama — enerjili, deyib-gülən, yeyib-içən birinə çevrildi. Sevindim ki, belə də davam edəcək, lakin elə olmadı. Əvvəlcə Bakıda, sonra isə İstanbulda xəstəxanaya yatırıldı. Son səfərinə tək getdi, tək də qayıtdı. Heç kimi incitmədən, əziyyət vermədən əbədiyyətə qovuşdu”.
O, sənətkar üçün yazdığı şeiri də xatırladıb:
“Bir də baxım axan çaya,
Çıxan günə, doğan aya.
Qismət ola, ya olmaya,
Bir də baxım bu dünyaya…
“Tanrı ona 78 il axan çaya, doğan aya, dünyaya baxmağı qismət etdi, amma 79-a çata bilmədi. Necə deyərlər: qalanı xatirədir…”.
Qiymət Mahir
tag: Baba Vəziroğlu,Rasim Balayev,Xalq artisti,Vəfat,Vida,Todaypress.tv,
