Tətildən sonra işə necə uyğunlaşmaq olar? - Mütəxəssis rəyi

Maraqlı

16.03.2026 23:10

Qarşıdan 11 günlük bayram tətili gəlir. Uzun qeyri-iş günləri bəzi insanlar üçün tətildən sonra iş rejiminə uyğunlaşmağı çətinləşdirir.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, psixoloji baxımdan bu məsələni iki tərəfdən qiymətləndirmək olar:

"Bir tərəfdən uzunmüddətli istirahət insanların psixoloji sağlamlığı üçün olduqca vacibdir. Davamlı iş rejimi, stress və məsuliyyət insanlarda emosional yorğunluq yarada bilir. Bayram günlərində ailə ilə vaxt keçirmək, sosial əlaqələri gücləndirmək və gündəlik rutindən uzaqlaşmaq psixoloji bərpa üçün mühüm rol oynayır. Bu da insanın enerji və motivasiyasını artırır.

Digər tərəfdən, çox uzun fasilələrdən sonra iş rejiminə qayıtmaq bəzi insanlar üçün çətin ola bilər. İş ritminə yenidən uyğunlaşmaq, diqqəti toplamaq və əvvəlki tempə qayıtmaq üçün müəyyən vaxt lazım gəlir". 

Ekspertin fikrincə, bu səbəbdən ilk günlərdə məhsuldarlığın bir qədər aşağı olması normal hal hesab olunur:

"Lakin araşdırmalar göstərir ki, düzgün istirahət edən insanlar işə qayıtdıqdan sonra daha motivasiyalı, yaradıcı və enerjili olurlar. Yəni qısamüddətli adaptasiya dövründən sonra məhsuldarlıq yenidən bərpa olunur və bəzən daha da yüksəlir".

Psixoloq tövsiyə edib ki, insanlar bayram günlərini həm fiziki, həm də psixoloji istirahət üçün səmərəli şəkildə keçirsinlər. İşə qayıdarkən isə ilk günlərdə özlərinə uyğun temp seçsinlər, prioritetləri müəyyənləşdirsinlər və tədricən iş ritminə daxil olsunlar.

Türkan İsgəndərli

TodayPress TV

tag: Tətil, İş, Bayram, Yorğunluq, todaypress.tv,