Vüqar Bayramov: “Qarabağ iqtisadiyyatın əsas inkişaf drayverlərindən birinə çevrilir”

İqtisadiyyat

07.11.2025 13:15

“Şuşanın işğaldan azad olunması Azərbaycan tarixində həm Zəfər Günü, həm də regionda yeni düzənin başlanğıcı kimi qalacaq. Qarabağ Zəfərinə aparan yolun təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Qarabağı, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin və Prezident İlham Əliyev idarəçilik məktəbinin yetirmələridir”.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, Şuşanın azad olunması Cənubi Qafqazda əməkdaşlıq mərhələsinin başlanğıcı olub:

“Azərbaycan sülh gündəliyinə sadiqdir və regionda sabitliyi dəstəkləyir. Azərbaycan ərazisindən keçən yük qatarının Ermənistana daxil olması bu niyyətin növbəti təsdiqidir”.

Vüqar Bayramov qeyd edib ki, hazırda işğaldan azad olunan ərazilərdə 60 minə yaxın vətəndaş yaşayır və işləyir:

“Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda 16 mindən çox keçmiş məcburi köçkün məskunlaşıb. Gələn ilin sonuna qədər bu sayın 140 minə çatacağı gözlənilir. 

Azərbaycan dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurun bərpasına indiyədək 22 milyard manatdan çox vəsait ayrılıb. Bu il azad olunan ərazilərin bərpasına ən azı 4 milyard manat, gələn il isə 3,5 milyard manat ayrılması planlaşdırılır. 2026–2029-cu illərdə bu rəqəm 13,5 milyard manata çatacaq”.

Vüqar Bayramov əlavə edib ki, azad edilmiş ərazilərə sərmayə qoyuluşu da artmaqdadır:

“Təkcə Xankəndi, Ağdərə və Xocalıya 50 milyon manatdan artıq sərmayə yatırılıb. Bu, Qarabağda iqtisadi fəaliyyətin bərpası və reinteqrasiya prosesinin gücləndiyini göstərir. Qarabağ artıq Azərbaycanın iqtisadi inkişafının yeni drayverlərindən birinə çevrilir”.

Qiymət Mahir

TodayPress TV

tag: Şuşa,Azərbaycan,Zəfər,Qarabağ,Vüqar Bayramov,Todaypress.tv,