Özünüməşğulluqla bağlı ŞİKAYƏT: "Vəsait ayrılır, nəticə yoxdur"
İqtisadiyyat
05.11.2025 15:13
2026-cı ildə işsizlikdən sığorta fondundan əhalinin özünüməşğulluğunun dəstəklənməsi üçün 77 milyon manat ayrılması planlaşdırılır.
Bunu iqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı deputat Musa Quliyev deyib.
Onun sözlərinə görə, bu vəsait hesabına 8 min nəfərin özünüməşğulluq proqramına cəlbi nəzərdə tutulur. Dünya Bankı ilə razılaşmaya əsasən, əlavə 7 min nəfər də proqramlara qoşulacaq.
Hər il ayrılan vəsaitlərə baxmayaraq işsizlik faizi yüksəkdir.
Maraqlıdır, özünüməşğulluq proqramlarına əlavə vəsait ayrılması məşğulluq bazarında real nəticələr doğura biləcəkmi və bu mexanizmin effektivliyi hansı meyarlarla ölçülməlidir?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, özünüməşğulluq proqramının nəticələri üzrə şəffaf ölçü və hesabat yoxdur:
"Məsələ ondan ibarətdir ki, bu günə qədər də vəsaitlər ayrılıb, özünəməşğulluq proqramı həyata keçirilib. Amma hökumət qurumlarının bu barədə hansısa hesabatı olmayıb.
Nə qədər insan bu proqram vasitəsilə işlə təmin olunub? Nə qədər məhsul istehsal olunub? Nə qədər ÜDM yaradılıb? Nə qədər vergi verilib? və s. açıq qalan suallardır".
Ekspert vurğulayıb ki, bu sahədə ayrılan vəsaitin effektivliyi ilə bağlı cavabsız qalan xeyli sual var.
Jalə Rövşən
tag: 2026,Natiq Cəfərli ,Özünüməşğulluq,
