Azərbaycanın yükdaşımalardan əldə etdiyi İLLİK GƏLİR açıqlandı
İqtisadiyyat
13.03.2026 11:34
“Azərbaycan regionda beynəlxalq nəqliyyat dəhlizlərinin genişlənməsinə ən çox töhfə verən ölkələrdəndir. Bu, ölkəmiz də daxil olmaqla bölgə üzərindən daşınan yüklərin həcminin artmasına səbəb olur”.
Bu fikirləri TodayPress TV-yə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaş olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkədir:
“2025-ci ildə Cənub-Qərb dəhlizi vasitəsilə Azərbaycan üzərindən daşınan yüklərin həcmində kəskin artım müşahidə olunub. Belə ki, 2024-cü ildə sözügedən dəhlizlə 394,2 min ton yük daşınmışdısa, ötən ilin yekununda bu göstərici 533,6 min tona çatıb. Bu, Cənub-Qərb dəhlizi ilə daşımalarda 35 faiz artım deməkdir”.
Vüqar Bayramov qeyd edib ki, Azərbaycan Şərq-Qərb dəhlizi üzrə də vacib tərəfdaş mövqeyini qoruyur:
“2025-ci ildə Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 16 milyon 909 min ton təşkil edib. Bunun 8 milyon 173 min tonu Avropa-Qafqaz-Asiya, 9 milyon 289 min tonu Şimal-Cənub, 5 milyon 804 min tonu isə Şimal-Qərb nəqliyyat dəhlizinin payına düşüb. Qlobal geosiyasi təhdidlərə baxmayaraq, əvvəlki illə müqayisədə 2025-ci ildə Şərq-Qərb dəhlizi ilə daşınan yüklərin həcmi stabilliyini qoruya bilib”.
Deputatın sözlərinə görə, ölkənin yükdaşımalardan əldə etdiyi gəlirlərdə əsas pay məhz Şərq-Qərb dəhlizinə məxsusdur:
“Azərbaycanın yükdaşımalardan əldə etdiyi illik gəlir 566,5 milyon manatdır. Bu gəlirlərin bölüşdürülməsində Şərq-Qərb dəhlizi 324,4 milyon manatla liderdir. Digər istiqamətlər üzrə gəlirlər isə belədir: Şimal-Cənub dəhlizi 128,7 milyon manat, Şimal-Qərb dəhlizi 113,2 milyon manat və Cənub-Qərb dəhlizi 190,7 min manat”.
Parlamentari vurğulayıb ki, beynəlxalq yükdaşımalardan əldə edilən vəsait qeyri-neft sektoru üçün mühüm əhəmiyyət kəsb edir:
“Göründüyü kimi, nəqliyyat dəhlizlərindən əldə edilən gəlirlər dövlət büdcəsinin qeyri-neft daxilolmalarında mərhələli şəkildə xüsusi paya malik olmaqdadır. Bu, Azərbaycanın tranzit potensialının iqtisadi dividendə çevrilməsinin bariz göstəricisidir”.
Qiymət Mahir
tag: Azərbaycan ,Nəqliyyat,Vüqar Bayramov,XIII Qlobal Bakı Forumu,Dəhliz,Todaypress.tv,
