İstehlakçı müraciətlərinin sayı 31 faizdən çox artıb
2026-cı ilin yanvar-oktyabr aylarında istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı daxil olan müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,3 faiz artıb.
TodayPress TV xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı “İstehlakçıların əsas hüquqları və onların müdafiəsi” mövzusunda keçirilən təlimdə məlumat verib.
Onun sözlərinə görə, 2026-cı ilin ilk 10 ayında Agentliyə ümumilikdə 9 260 müraciət daxil olub. Onlardan 8 766-sı yeni müraciət, 494-ü isə əvvəlki ildən qalan müraciətlərdir. Ötən ilin eyni dövründə bu göstərici 7 053 olub.
Hesabat dövründə Agentlikdə baxılması yekunlaşan müraciətlərin sayı 6 080 təşkil edib. 2 312 müraciət aidiyyəti qurumlara göndərilib, 868 müraciət üzrə icranın növbəti aylarda davam etdirilməsi nəzərdə tutulub. Həmçinin 41 protokol tərtib olunub.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk 10 ayında Agentlikdə baxılması yekunlaşan müraciətlərin sayı 5 032, aidiyyəti qurumlara göndərilənlərin sayı 1 560, icrası davam etdirilən müraciətlərin sayı isə 461 olub. Həmin dövrdə 51 protokol tərtib edilib.
Bununla yanaşı, 2026-cı ilin yanvar-oktyabr aylarında istehlakçılara ümumilikdə 314 997,5 manat vəsait qaytarılıb. Ötən ilin eyni dövründə bu məbləğ 301 792,1 manat olub.
Statistikaya əsasən, cari ilin 10 ayında istehlakçıların 2 399 müraciəti təmin edilib. 2025-ci ilin müvafiq dövründə isə təmin edilən müraciətlərin sayı 2 105 olub.
Qiymət Mahir