Yeni materiallar gələcəyin batareyalarını inqilabi şəkildə dəyişə bilər

İKT

12.11.2025 03:00

Beynəlxalq alimlər qrupu gələcək litium-ion və natrium-ion batareyalarının gücünü və davamlılığını əhəmiyyətli dərəcədə artıracaq yeni ikiölçülü tellurid materiallar ailəsini proqnozlaşdırıb.

TodayPress TV xəbər verir ki, Çin Xalq Respublikasının Tiencin Universitetinin alimlərinin rəhbərliyi ilə aparılan və “Advanced Science” jurnalında dərc olunan tədqiqatda bu materialların HfTiTe₄, ZrTiTe₄ və HfZrTe₄ olduğu müəyyən edilib.

Onlar “first-principle” adlanan yüksək dəqiqlikli hesablama üsulu ilə, yəni maddələrin atom səviyyəsində modelləşdirilməsi yolu ilə müəyyənləşdirilib.

Simulyasiyalar göstərib ki, bu ultranazik tellurid təbəqələri həm anod, həm də kükürd katodu daşıyıcısı kimi çıxış edə bilər. Onlar yüksək sürətli enerji yığma qabiliyyəti, sabitlik və istiliyədavamlılıq baxımından möhtəşəm nəticələr nümayiş etdiriblər.

Tədqiqatda həmçinin müəyyən edilib ki, tellurid təbəqələri 227°C-yə qədər istilikdə struktur və elektron sabitliyini qoruyur. Bu isə onları yüksək temperatur və intensiv enerji dövriyyəsi olan sahələrdə – elektrik nəqliyyat vasitələri, sənaye enerji anbarları və portativ elektronika kimi tətbiqlərdə – istifadəyə uyğun edir.

Layihə Tiencin Universiteti ilə yanaşı, Şanxay Ciao Tonq Universiteti, Cıciyan Universiteti, San-Paulo Universiteti, Qvandun Texnion-İsrail Texnologiya İnstitutu, Kaliforniya Universiteti (İrvayn) və Şençjen Texnologiya Universitetinin alimlərinin əməkdaşlığı ilə həyata keçirilib.

Qiymət Mahir

tag: Alim,Araşdırma,Batareya,Çin,Todaypress.tv,