“WhatsApp”a istifadəçi adı ilə zəng funksiyası gəlir - Müsbət və mənfi cəhətləri
İKT
12.11.2025 15:26
“WhatsApp” messencerində çoxdan gözlənilən “istifadəçi adı” funksiyası ilə bağlı yeni detallar üzə çıxıb. Yeniliyə əsasən, artıq platformada əlaqə yaratmaq üçün telefon nömrəsi paylaşmağa ehtiyac qalmayacaq. Sadəcə istifadəçi adını yazmaqla səsli və ya video zəng etmək mümkün olacaq.
İnformasiya texnologiyaları üzrə ekspert Natiq Məmişov TodayPress TV-yə açıqlamasında bu yeniliyin həm müsbət, həm də mənfi tərəfləri olduğunu bildirib.

Onun sözlərinə görə, funksiyanın əsas üstünlüyü əlaqə yaratmağı asanlaşdırmasıdır:
"Əslində, bu xüsusiyyət "Telegram"da da mövcuddur. Məsələn, mən qarşı tərəfin nömrəsini görmədən onunla əlaqə yarada bilirəm. Bu, həm şəxsi məlumatların qorunmasını artırır, həm də müəyyən dərəcədə anonimliyi təmin edir. Bu xüsusiyyət iş məqsədilə “WhatsApp”dan istifadə edənlər üçün də rahatlıq yaradacaq. Xüsusilə iş və biznes məqsədilə əlaqə quranlar üçün bu yenilik faydalıdır. Artıq ölkə kodlarını bilməyə ehtiyac qalmayacaq, beləliklə, beynəlxalq əlaqələr də daha rahat qurulacaq. Həmçinin insanlar müxtəlif istifadəçi adları ilə fərqli profillər yaradaraq daha çox özəlləşdirmə imkanı əldə edəcəklər. Bu baxımdan, "WhatsApp" bir qədər sosial media platformasına, məsələn, "Instagram"a bənzəyə bilər".
Ekspert eyni zamanda yeniliyin mənfi tərəflərinə də diqqət çəkib. O bildirib ki, bu funksiya spam və fırıldaqçılıq risklərini artıra bilər:
"İstifadəçi adı ilə zəng etmək və mesajlaşmaq imkanının yaranması, təəssüf ki, spam zənglərinin və fırıldaqçılıq fəaliyyətlərinin artmasına səbəb ola bilər. Çünki burada telefon nömrəsi olmadığı üçün doğrulama mexanizmi zəifləyir. Bu da şəxsiyyətin müəyyənləşdirilməsini çətinləşdirir".
Natiq Məmişov əlavə edib ki, yeni sistemdə bəzi istifadəçilər saxta adlarla qeydiyyatdan keçə və etibarsız profillər yarada bilərlər. Bu isə həm etimad problemləri, həm də gizliliklə bağlı risklər doğura bilər:
"Əlaqə qurmaq daha asanlaşsa da, gizlilik baxımından risklər artır. Əvvəllər telefon nömrəsi ilə əlaqə saxlamaq şəxsi məlumatların qorunmasına müəyyən zəmanət verirdi, amma indi istifadəçi adları ilə bu, bir qədər çətin olacaq. Odur ki, istifadəçilər diqqətli olmalı və tanımadıqları adlardan gələn zəng və mesajlara qarşı ehtiyatlı davranmalıdırlar. Yenilik texnoloji baxımdan mütərəqqi olsa da, onun tətbiqi zamanı gizlilik və təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi vacibdir", - deyə o qeyd edib.
Türkan İsgəndərli
tag: WhatsApp,Ekspert ,Zəng,Spam,Todaypress.tv,
