Saxta səs yazılarını aşkar etmək üçün üsul kəşf edildi

İKT

12.11.2025 05:00

Avstraliyanın Milli Elm Agentliyi (CSIRO) tədqiqatçıları audio “deepfake”ləri – yəni süni intellekt tərəfindən yaradılmış saxta səs yazılarını daha dəqiq və çevik şəkildə aşkar etməyə imkan verən yeni texnologiya hazırlayıblar.

TodayPress TV xəbər verir ki, “Rehearsal with Auxiliary-Informed Sampling” (RAIS) adlanan bu texnika kibercinayətkarlıqda artan risklər, o cümlədən səsə əsaslanan identifikasiya sistemlərinin aldadılması, şəxsiyyət saxtalaşdırılması və dezinformasiya yayılması ilə mübarizə üçün nəzərdə tutulub.

CSIRO-nun məlumatına görə, RAIS bir səs faylının real, yoxsa süni şəkildə yaradıldığını müəyyənləşdirir və yeni hücum tipləri ortaya çıxdıqca effektivliyini qoruyur. 

Yeni metod hər bir audio nümunəsinə əlavə “köməkçi etiketlər” (auxiliary labels) təyin edir. Bu etiketlər “saxta” və ya “real” kimi sadə kateqoriyalardan kənara çıxaraq, süni intellekt modelinin daha zəngin və təmsilçi məlumat bazası üzərində öyrənməsinə şərait yaradır.

Nəticədə RAIS sınaqdan keçirilmiş üsullar arasında ən aşağı orta səhv göstəricisinə – cəmi 1,95 faizə nail olub.

Bu texnologiya CSIRO, Avstraliya Federasiya Universiteti və RMIT Universitetinin alimləri tərəfindən birgə hazırlanıb.

Qiymət Mahir

tag: CSIRO,Deepfake,Saxta səs,Araşdırma,Todaypress.tv,