İctimai nəqliyyatda kartla ödəniş edənlərin DİQQƏTİNƏ - TƏHLÜKƏ VAR!
İKT
12.11.2025 13:48
Artıq avtobus və metroda kartla ödəniş mümkün olacaq. Bu sistem vətəndaşlara həm rahatlıq, həm də vaxt qənaəti baxımından üstünlük qazandıracaq. Lakin bəzi vətəndaşları maraqlandıran suallar var.
Bank kartı ilə ictimai nəqliyyatda ödəniş etmək nə dərəcədə təhlükəsizdir?
Bu barədə informasiya texnologiyaları üzrə ekspert Əmrah Mövsümzadə TodayPress TV-yə danışıb.

Onun sözlərinə görə, avtobus və metro kimi ictimai nəqliyyatda bank kartı ilə ödəniş sistemlərinin tətbiqi müasir və faydalı addım olsa da, təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməlidir:
"Əslində, NFC texnologiyası ilə həyata keçirilən kart ödənişləri kifayət qədər təhlükəsiz hesab olunur. Bu sistemdə kart məlumatları birbaşa ötürülmür, əvəzinə tokenləşmə adlanan üsulla məxfi məlumatlar unikal kodlarla əvəzlənir və bu formada göndərilir. Yəni kartın nömrəsi və ya CVV kodu qarşı tərəfə ötürülmür".
Ekspert əlavə edib ki, təhlükəsizlik baxımından əsas məsuliyyət istifadəçilərin öz üzərinə düşür. Bəzi sadə, amma vacib qaydalara əməl etməklə risklər minimuma endirilə bilər:
"Məsələn, kartın "contactless", yəni toxunmadan ödəniş funksiyası aktiv olduqda, onu ictimai yerlərdə diqqətsiz buraxmaq risk yarada bilər. Bu funksiyanı yalnız zərurət olduqda aktiv saxlamaq, kart itdikdə və ya oğurlandıqda isə dərhal bank tətbiqindən bloklamaq lazımdır".
Mütəxəssis vurğulayıb ki, ödəniş zamanı istifadəçilər ehtiyatlı davranmalı və ətraf mühiti müşahidə etməlidirlər:
"POS-terminala yaxınlaşarkən cihazın üzərində "Skimmer" (əlavə qurğu) və ya oxuyucu adapter olub-olmadığına diqqət etmək vacibdir. Hər əməliyyatdan sonra bank tətbiqindən əməliyyat tarixçəsini yoxlamaq və şübhəli ödənişləri dərhal banka bildirmək lazımdır".
Əmrah Mövsümzadə qeyd edib ki, ictimai nəqliyyatda istifadə edilən rəsmi terminallar bankların təhlükəsizlik standartlarına və Mərkəzi Bankın tələblərinə uyğun sertifikatlaşdırılıb:
"Bu o deməkdir ki, sistem səviyyəsində risk minimaldır. Əsas məsələ istifadəçinin fərdi təhlükəsizlik vərdişlərinə və kibermərifətinə bağlıdır. Texnologiya kifayət qədər təhlükəsizlik təmin etsə də, istifadəçinin diqqəti və operativ reaksiyası onun maliyyə təhlükəsizliyinin əsas təminatıdır" - deyə o, fikrini sonlandırıb.
Türkan İsgəndərli
tag: Nəqliyyat,Kart,Bank,Ödəniş,Todaypress.tv,
