“E-müqavilə” və “e-büdcə” sistemi işə düşdü: Maliyyə sistemi dəyişir
Ötən ilin 25 avqust tarixində ölkə başçısı tərəfindən dövlət maliyyəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalanıb və həmin sənədə uyğun olaraq bir sıra mühüm tapşırıqlar icra olunub.
TodayPress TV xəbər verir ki, Maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı dövlət maliyyə sistemində həyata keçirilən islahatlar barədə məlumat verib.
Onun sözlərinə görə, 2025-ci il ərzində Rəqəmsal Dövlət Maliyyə İdarəetməsi Sistemi yaradılıb və onun əsasnaməsi təsdiq edilib. Sistemin tərkibində “e-müqavilə”, “e-rüsum”, “büdcə məlumat idarəetmə”, “elektron büdcə bələdçisi”, “dövlət müəssisələrinin rəqəmsal monitorinqi” alt sistemləri, eləcə də “maliyyə hesabatlılıq portalı” hazırlanaraq istifadəyə verilib.
"Bu rəqəmsal həllər büdcə vəsaitlərindən daha səmərəli istifadəni təmin etməklə yanaşı, xərclərin proqnozlaşdırılması, icraya operativ nəzarət və ümumi şəffaflığın artırılmasına şərait yaradır. Hesabat dövründə büdcə xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb olunub, dövlət xəzinədarlığında risk əsaslı cari nəzarət mexanizminin tətbiqinə başlanılıb və ödənişlərin icra sürəti iki dəfə artırılıb".
Nazir əlavə edib ki, xəzinədarlıq orqanlarının inzibati idarəetmə sistemi təkmilləşdirilib, regional strukturlar mərkəzləşdirilib. Hazırda ölkə üzrə bütün dövlət ödənişləri vahid xəzinə orqanı vasitəsilə həyata keçirilir.
Türkan İsgəndərli