Üç qələbə bir arada: Boks millimiz yarımfinala damğa vurdu!
Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan böyüklər arasında boks üzrə Avropa çempionatında Azərbaycan milli komandası uğurlu çıxışını davam etdirir.
TodayPress TV xəbər verir ki, yarışın altıncı günündə 1/4 final mərhələsində mübarizə aparan 4 boksçumuzdan 3-ü qələbə qazanaraq adını yarımfinala yazdırıb.
Rinqə çıxan təmsilçilərimizdən Sübhan Məmmədov (50 kq) macarıstanlı İştvan Szakanı, Amin Məmmədzadə (55 kq) fransalı Bilal Bennamanı, Məhəmməd Abdullayev (+90 kq) isə norveçli Omar Şihanı məğlub edərək yarımfinala vəsiqə əldə ediblər.
Milli komandanın digər üzvü Məlik Həsənov (65 kq) isə 1/4 finalda ukraynalı Elvin Əliyevlə qarşılaşmada məğlub olaraq çempionatda mübarizəni dayandırıb.
Qeyd edək ki, bu nəticələrlə yarımfinalçıların sırasına daxil olan boksçularımızın sayı artır. Daha əvvəl Nəbi İsgəndərov da (70 kq) 1/4 final səddini aşaraq yarımfinala vəsiqə qazanmışdı.
Namiq HUN