Şahmatda böyük duel: Azərbaycan son çempionu gözləyir

Şahmatda böyük duel: Azərbaycan son çempionu gözləyir
23.09.2026 22:43 İdman

Azərbaycanın kişilərdən ibarət millisi Ümumdünya Şahmat Olimpiadasında ilk “5-lik”də yer alıb və növbəti turda son çempion Hindistanla qarşılaşacaq.

TodayPress TV xəbər verir ki, azərbaycanlı şahmatçılar yeddinci turda Yunanıstan üzərində qazandıqları 3,5:0,5 hesablı qələbədən sonra 12 xal toplayaraq 2-6-cı yerləri bölüşürlər. Əlavə göstəricilərə görə millimiz beşinci pillədə qərarlaşıb.

Səkkizinci turda Azərbaycan millisini son Olimpiada çempionu Hindistanla çətin matç gözləyir. Hindistan millisinin heyətində FİDE reytinqində müvafiq olaraq səkkizinci və doqquzuncu yerləri tutan Rameşbabu Praqnanaandxa və Arcun Eriqaisi, həmçinin son dünya çempionu Dommaracu Qukeş çıxış edir.

Hindistanlılar turnirdə altı qələbə qazanıblar. Onların yeganə məğlubiyyəti Olimpiadaya ev sahibliyi edən Özbəkistandan olub – 1,5:2,5. Özbəkistan millisi yeddi turun hamısında qələbə qazanaraq 14 xalla turnir cədvəlinə başçılıq edir.

Azərbaycanın qadınlardan ibarət millisi isə yeddi turdan sonra 10 xalla 14-cü pillədə qərarlaşıb. Səkkizinci turda azərbaycanlı şahmatçılar Argentina komandası ilə qarşılaşacaqlar.

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər