Ronaldo, yoxsa Messi? Morqanın seçimi futbol dünyasını qarışdırdı
Televiziya aparıcısı Pirs Morqan Lionel Messi ilə Kriştianu Ronaldu arasındakı “bütün zamanların ən yaxşı futbolçusu” mübahisəsinin artıq başa çatdığını və üstünlüyün portuqaliyalı hücumçuda olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Morqan sosial şəbəkədə paylaşımında Messinin Argentina millisinin heyətində 125 qol vurduğunu və bunun milli komandalar tarixində ikinci ən yüksək göstərici olduğunu qeyd edib.
O, Ronaldunun isə Portuqaliya millisində 146 qola imza atdığını vurğulayaraq, bu göstəricinin futbol tarixində rekord olduğunu bildirib.
“Bu, bütün zamanların ən yaxşı futbolçusunun kim olması ilə bağlı mübahisəyə son qoyur”, – deyə Morqan yazıb.
Qeyd edək ki, Lionel Messi Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu, 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi, 2022-ci ildə Finalissima çempionu və 2008-ci ildə Olimpiya çempionu olub.
Kriştianu Ronaldu isə Portuqaliya ilə 2016-cı ildə Avropa çempionu, iki dəfə Millətlər Liqasının qalibi olub. O, milli komandalar və Avropa çempionatları tarixində ən çox qol vuran futbolçu rekordlarını da özündə saxlayır.
Namiq HUN