“Real”dan sonra yeni səhifə: David Alaba A Seriyasını fəth etməyə gəlir!
Avstriyalı müdafiəçi David Alaba İtaliyanın “Udineze” klubu ilə rəsmi müqavilə bağlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb:
“Ağ-qara rənglərdə yeni çempion! David Alaba “Udineze”nin yeni futbolçusudur. Təcrübə, liderlik keyfiyyətləri və dünya futbolunun ən yüksək səviyyəsində keçən karyera. Udineyə xoş gəldin, David!”
Daha əvvəl mətbuatda avstriyalı ulduzla İtaliyanın “Roma” və “Latsio”, həmçinin İspaniyanın “Barselona” klublarının maraqlandığı bildirilirdi.
“Transfermarkt” portalı 34 yaşlı müdafiəçinin transfer dəyərini 3 milyon avro qiymətləndirir.
Qeyd edək ki, David Alaba 2021-2026-cı illərdə “Real Madrid”in şərəfini qoruyub. Həmin müddət ərzində o, bütün turnirlərdə 132 matçda meydana çıxaraq 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli müdafiəçi ötən yay azad agent statusu almışdı.
Namiq HUN