“Neftçi”də yeni dövr: Vernidub gəlir!
İdman
05.12.2025 17:16
“Neftçi” klubu yeni baş məşqçi təyinatına hazırlaşır.
TodayPress TV sportinfo.az-a istinadən xəbər verir ki, Yuri Vernidubla bir həftədən çoxdur davam edən danışıqlar yekunlaşıb.
Ukraynlı mütəxəssislə 1,5 illik müqavilənin müddəti və maliyyə şərtləri konteksində razılıq əldə olunub.
59 yaşlı baş məşqçinin təkcə Azərbaycana gəlməsi qalıb ki, bu problem də həllini tapmaq üzrədir. O, xüsusi icazə məktubu əsasında Ukraynanı tərk edə biləcək. Paytaxt təmsilçisi yerli dövlət qurumlarına bu məqsədlə müraciət ünvanlayıb və ilkin razılıq alınıb.
Əks halda, Vernidubun yolunu yanvarın sonunadək gözləmək lazım gələcəkdi. Çünki Ukrayna Rusiya ilə müharibə şəraitinə görə 60 yaşadək kişilərin ölkədən çıxışına qadağa qoyub. Mütəxəssisin tezliklə Bakıda olacağı gözlənilir.
Qeyd edək ki, “Neftçi”nin məşqçilər korpusunda Yuri Vernidubun oğlu Vitali də yer alacaq. O əsas yardımçı kimi atasına kömək edəcək. Vitali 2015-18-ci illərdə “Qəbələ” klubunun formasını geyinib. Son olaraq “Krivbass”da çıxış edən futbolçu 2023-cü ildə karyerasını başa vurub.
Namiq HUN
tag: Neftçi,Klub,Baş Məşqçi,Təyinat,Todaypress.tv,
