Möhtəşəm finalın ünvanı bəlli oldu: Valensiya yenidən diqqət mərkəzində!
“MotoGP" təşkilatçıları Valensiyanın 2027-ci il mövsümünün yekun mərhələsini qəbul edəcəyini rəsmən təsdiqləyiblər. Rikardo Tormo adına avtodromda keçiriləcək yarış noyabrın 26-dan 28-dək baş tutacaq. Bu, 2027-ci il təqvimində rəsmiləşən ikinci mərhələdir.
TodayPress TV xəbər verir ki, bu barədə “MotoGP”nin baş icraçı direktorunun müavini Karlos Espeleta məlumat verib.
Əvvəllər bildirildiyi kimi, 2027-ci il mövsümü 2026-cı illə müqayisədə bir həftə gec - martın 5-dən 7-dək Buriramda start götürəcək. Mövsümöncəsi sınaq yürüşləri fevralın ortalarınadək başa çatacaq, mövsümün rəsmi təqdimatı isə fevralın 21-də Braziliyada gerçəkləşəcək.
“Çox az məkan “MotoGP” mövsümünün final ruhunu Rikardo Tormo trassı kimi ötürə bilir. Hər il bu trek, şəhər və azarkeşlər xüsusi bir atmosfer yaradaraq Valensiyanı dunya səviyyəli yarış mövsümünü yekunlaşdırmaq üçün ideal məkana çevirir. 2027-ci ildə də çempionatın final mərhələsinə Valensiyanın ev sahibliyi edəcəyini təsdiqləməkdən şadıq”, - deyə “MotoGP”nin baş icraçı direktorunun müavini Karlos Espeleta vurğulayıb.
“MotoGP”nin 2026-cı il mövsümü isə noyabrın 27-dən 29-dək məhz Valensiyada yekunlaşmalıdır. İlkin plana əsasən yarış bir həftə əvvəl keçirilməli idi, lakin Yaxın Şərqdəki münaqişə səbəbindən Qətər mərhələsi noyabr ayına keçirilib. Nəticədə Lusaildəki yarışı çempionatın sondan üçüncü mərhələsi kimi yerləşdirmək üçün Valensiya və Portimandakı mərhələlər bir həftə sonraya sürüşdürülüb.
“MotoGP”nin 2027-ci il üzrə tam yarış təqvimi sentyabrın 25-də açıqlanacaq.
Namiq HUN