“McLaren”in bolidində yeni aviasiya brendi

“McLaren”in bolidində yeni aviasiya brendi
26.02.2026 16:35 İdman

“McLaren” komandası Birləşmiş Ərəb Əmirliklərinin milli aviadaşıyıcısı olan “Etihad Airways” ilə sponsorluq müqaviləsi imzalayıb.

TodayPress TV komandanın mətbuat xidmətinə istinadən xəbər verir ki, cari mövsümdən etibarən aviaşirkət “McLaren”lə təkcə “Formula-1”də deyil, həm də Dünya Dözümlülük Çempionatında (WEC) tərəfdaşlıq edəcək.

Razılaşmaya əsasən, “Etihad” brendi MCL40 bolidinin üzərində – xüsusilə arxa qanad və halo mühafizə sistemində, eləcə də sürücülərin dəbilqələrində yer alacaq. Bundan əlavə, aviaşirkətin flaqman təyyarələrindən biri – “Boeing 787 Dreamliner” – ilin sonlarında xüsusi “McLaren” libreyası ilə təqdim olunacaq.

Komandanın baş direktoru Zak Braun “Etihad Airways”i rəsmi tərəfdaş kimi qarşılamaqdan məmnun olduqlarını bildirib:

“Yarış təqvimimiz qlobal miqyasda genişləndikcə, mükəmməlliyə sadiqliyimizi bölüşən beynəlxalq aviaşirkətlə əməkdaşlıq etmək təbii addım idi. “Etihad”ın yüksək keyfiyyətli xidmət prinsipi dəyərlərimizlə üst-üstə düşür. Həm “Formula-1”, həm də WEC çempionatında sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”, – deyə Braun vurğulayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər