Mayorkadakı qalmaqallı gecənin bədəli: Nik Kiryosun pulları və xalları silindi!
Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) avstraliyalı tennisçi Nik Kiryosun kokainə görə nə üçün cəmi 1 aylıq müddətə diskvalifikasiya edildiyinə aydınlıq gətirib.
TodayPress TV xəbər verir ki, bu barədə agentliyin rəsmi saytı məlumat yayıb.
31 yaşlı idmançının 2026-cı ilin iyun ayında İspaniyanın Mayorka şəhərində keçirilən ATP turnirində götürülmüş dopinq-test nümunəsində kokain aşkarlanıb.
Avqustun 4-dən müvəqqəti olaraq yarışlardan uzaqlaşdırılan Kiryos müstəntiqlərə bildirib ki, maddəni turnirdən əvvəl gecə gəzintisi zamanı dostları ilə qəbul edib.
Müstəqil elmi ekspertizanın rəyinə əsasən, qandakı maddənin səviyyəsi idmançının dedikləri ilə üst-üstə düşüb və kokainin yarışdankənar dövrdə istifadə olunduğu təsdiqlənib.
Ümumdünya Antidopinq Agentliyinin (WADA) qaydalarına əsasən, bu cür qayda pozuntusuna görə standart cəza 3 ay təşkil edir. Lakin idmançı ITIA tərəfindən təsdiqlənmiş xüsusi müalicə proqramından keçməyə razılıq verdikdə cəza müddəti 1 aya qədər azaldıla bilər. Kiryos bu proqramı qəbul etdiyi üçün onun cəzası 3 sentyabr 2026-cı ildə başa çatıb. Bununla belə, onun Mayorkadakı turnirdə qazandığı reytinq xalları və pul mükafatı ləğv olunub.
Namiq HUN