Manişe Ronaldunun sirrini açdı: Onu 40 yaşında da meydanda saxlayan nədir?
Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi Manişe bildirib ki, milli komandanın və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu futbolçu karyerasını 29 yaşında başa vura bilərdi.
TodayPress TV xəbər verir ki, bu barədə “FourFourTwo” nəşri məlumat yayıb.
Manişe, Ronaldunun 40 yaşında da yüksək səviyyədə futbol oynamasını öz işinə hörmətin nümunəsi olduğunu bildirib:
“40 yaşında hələ də oynamaq üçün inanılmaz dərəcədə peşəkar olmaq və öz işinə dərindən hörmət etmək lazımdır. Heç nəyə yalnız şans hesabına nail olunmur. O, gənc futbolçular üçün nümunədir. Yalnız pul haqqında düşünmək olmaz. Zirvəyə çatmaq üçün çox şeyi düzgün etmək lazımdır.
O, 29 və ya 30 yaşında karyerasını başa vura bilərdi. Çünki həmin vaxt artıq böyük maliyyə sabitliyinə malik idi və Çempionlar Liqasını qazanmışdı. Lakin o, rəqabəti, özündən maksimum nəticə almağı və ulduz olmağı sevir. Dünyanın ən yaxşısı olmağı, həmçinin haqqında danışılmasını xoşlayır. Bu, onun şəxsiyyətinin bir hissəsidir”.
Qeyd edək ki, daha əvvəl Portuqaliya mətbuatında Ronalduya milli komandanın noyabr toplanışı üçün genişləndirilmiş heyətində yer verildiyi barədə məlumat yayılmışdı.
Namiq HUN