İsraildə seçkilər: Netanyahu 61 mandatı toplaya bilmədi

İsraildə seçkilər: Netanyahu 61 mandatı toplaya bilmədi
28.10.2026 08:41 Dünya

İsraildə parlament seçkilərinin ilkin nəticələri hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik yaradıb. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blokla müxalifət arasında fərq minimum səviyyədədir.

TodayPress TV xəbər verir ki, "ekzit-pol" nəticələrinə və ilkin hesablamalara əsasən, Netanyahu bloku 50-52, Gadi Eyşenkotun rəhbərlik etdiyi müxalifət isə 49-52 mandat əldə edə bilər. Ərəb partiyalarının isə 17-19 mandat qazanacağı gözlənilir.

İsrail parlamentində hökumət qurmaq üçün 120 yerdən ən azı 61-nə sahib olmaq lazımdır. İlkin nəticələrə görə, heç bir blok bu həddə çata bilməyib.

Seçkilərdə iştirak 77,7 faiz təşkil edib. Bu göstəricinin son 20 ildən artıq müddətdə ən yüksək səviyyəyə çatdığı bildirilir. Ərəb seçicilərin fəallığının artması da ərəb partiyalarının parlamentdə təmsilçiliyinə təsir göstərib.

Netanyahu sağçı hökumət qurmaq niyyətində olduğunu açıqlayıb. Eyşenkot isə seçkilərin nəticələrini əsas gətirərək Netanyahunun istefasını tələb edib.

Səslərin rəsmi hesablanması davam edir. Yekun nəticələrdən sonra tərəflərin koalisiya danışıqlarına başlaması gözlənilir. Lakin mandatların hazırkı bölgüsü yeni hökumətin formalaşdırılmasını çətinləşdirir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər