Azyaşlı voleybolçuya qarşı zorakılıq: Məşqçi iki il idmandan uzaqlaşdırıldı!
Qazaxıstanın Pavlodar şəhərində keçirilən voleybol yarışında məşqçi Həmit Mırzabekov azyaşlı idmançının başına zərbə endirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Qumaş” nəşri məlumat yayıb.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. 2012–2013-cü il təvəllüdlü qızların iştirak etdiyi turnirdə çəkilən videoda 9 nömrəli formanı geyinən arxa xətt müdafiəçisinin oyun epizodlarından birində tərəddüd etdiyi görünür. Bundan sonra Mırzabekov idmançıya nəsə deyib və əli ilə onun başına sərt zərbə endirərək meydançaya qayıtmasını tələb edib.
Hadisə ilə bağlı Qazaxıstan Milli Voleybol Federasiyasının (QMVF) İntizam Komitəsi məşqçini iki il müddətinə diskvalifikasiya edib. Qərara əsasən, Mırzabekova məşqçilik və pedaqoji fəaliyyətlə məşğul olmaq, həmçinin təşkilatın himayəsi altında keçirilən yarışlarda istənilən statusda iştirak etmək qadağan olunub.
Turnirin təşkilatçısı olan özəl “MYQTYLARORTASY” voleybol liqasına isə yarışın keçirilməsi zamanı qaydalara və asayişə lazımi nəzarət etmədiyinə görə töhmət verilib və cərimə tətbiq olunub.
Bundan əlavə, Şımkənd Voleybol Akademiyası da töhmət alıb.
Namiq HUN