“Arsenal”ın kabusu: IV liqa təmsilçisi nəhəngi penaltilərlə devirdi!

“Arsenal”ın kabusu: IV liqa təmsilçisi nəhəngi penaltilərlə devirdi!
28.10.2026 08:34 İdman

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Liqa Kubokunun 1/8 finalında IV liqa təmsilçisi “Flitvud Taun”a məğlubiyyət və turnirdən kənar qalma ilə bağlı fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Sky Sports”a bildirib. 

“Flitvud Taun” doğma meydanda London təmsilçisini qəbul edib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə aşağı liqa klubu 5:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Arteta məğlubiyyətə görə rəqibi təbrik edib və komandasının çoxsaylı qol imkanlarından yararlana bilməməsini əsas səbəb kimi göstərib.

“İlk növbədə, “Flitvud”u növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edirəm. Onlar buna öz imkanları çərçivəsində nail oldular. Bizim üçün çox kədərli gündür.

Futbolçuların oyuna yanaşması ilə bağlı heç bir iradım yoxdur. Bu səviyyədə tələb olunanları yerinə yetirməyən bir nəfər belə görmədim. Topa çox sahib olduq, çoxsaylı qol vəziyyətləri yaratdıq və çoxlu zərbələr endirdik. Penaltilər seriyasından qaçmaq istəyirsənsə, belə fürsətləri dəyərləndirməlisən. Biz bunu bacarmadıq. Futbolun mahiyyəti də məhz budur”, – deyə Arteta bildirib.

İspaniyalı mütəxəssis kubok matçlarında komandaların şanslarının bərabərləşməsinin mümkün olduğunu da vurğulayıb.

“Bəli, xüsusilə rəqib hesabda önə keçəndə və təşəbbüsü ələ alanda belə olur. Oyun ərzində onlara demək olar ki, heç nə yaratmağa imkan vermədik. Özümüzün isə çoxsaylı imkanlarımız oldu, lakin onlardan yararlana bilmədik. Nəticədə hər şeyi xırda detallar həll edir.

Futbol belədir. Bu cür turnirlərin, xüsusilə də bu ölkədə keçirilən kubok yarışlarının gözəlliyi də bundadır.

Məsələ heç də futbolçuların oyuna köklənməməsi deyildi. Əks halda, indi burada qəzəbli dayanardım. Mən kədərlənmişəm, hamımız kədərlənmişik. Klubun emblemini layiqincə təmsil etməliyik.

Mübarizə əzmi, zəhmət və qələbə istəyi ilə bağlı heç bir problem yox idi. Sadəcə, daha inamlı nəticə əldə etmək üçün bizə başqa bir şey çatmadı. Meydanda göstərdiyimiz oyun hesabda da əksini tapmalı idi”, – deyə Arteta əlavə edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər