Madrid klubunda gərginlik: Vinisius Junior komandanı intizamdan çıxarır?
“Real Madrid”in keçmiş qapıçısı Santyaqo Kanyisares “kral klubu”nun hücumçusu Vinisius Juniorun çıxışını və davranışını kəskin tənqid edib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Tiempo de Juego”ya danışıb.
Təcrübəli veteran braziliyalı futbolçunun müdafiəyə kömək etməməsini komandanın intizamına vurulan zərbə kimi qiymətləndirib:
“Hazırda bu futbolçu, hətta kapitanlıq sarğısını daşımasına baxmayaraq, komandaya faydadan çox zərər vurur. Müdafiədə geri qayıtmayan bir futbolçunun olmasına göz yummaq olar, amma iki nəfər olduqda bu artıq mümkünsüzləşir. Üçüncünü də əlavə etsək, bu tam bir fəlakətdir. Düşünürəm ki, bu cür davranış komandada intizamı və nizamı pozur: müdafiəçilər öz cərimə meydançalarında qapanmağa, yarımmüdafiəçilər isə geriyə çəkilib müdafiəyə kömək etməyə məcbur olurlar. Bu sistem belə işləmir”.
Qeyd edək ki, Vinisius Junior cari mövsümdə “Real”ın heyətində 8 rəsmi matçda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN