Astanada çətin gün: Azərbaycan güləşçilərindən üç məğlubiyyət
Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında uğursuz çıxış edib.
TodayPress TV xəbər verir ki, Ruzanna Məmmədova (59 kq), Rəşid Babazadə (65 kq) və Maqomedxan Maqomedov (97 kq) rəqiblərinə məğlub olublar.
Maqomedxan Maqomedov 1/4 final mərhələsində Bəhreyn təmsilçisi Axmed Maqomed Tajudinova uduzub. Rəqibi finala yüksələcəyi təqdirdə, Azərbaycan güləşçisi oktyabrın 30-da təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edəcək.
Ruzanna Məmmədova 1/8 finalda çinli Menqyu Xieyə məğlub olub. Rəqib növbəti mərhələdə də uduzduğu üçün Məmmədova təsəlliverici görüşlərə qatılmaq və medal qazanmaq şansını itirib.
Rəşid Babazadə isə 1/16 finalda qırğızıstanlı Taiyrbek Zumaşbek Uuluna məğlub olub. Zumaşbekin 1/4 finalda uduzması səbəbindən Babazadə də təsəlliverici görüşlərdə iştirak imkanını itirib.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olub, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.
Namiq HUN